60 günlük danışıqlar prosesi başladı

ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında imzalanan anlaşma memorandumundan sonra iki ölkə arasında münasibətlərdə yeni mərhələ başlayıb. “İkinci mərhələ” adlandırılan bu proses çərçivəsində 60 gün davam edəcək danışıqların əsas məqsədi texniki və diplomatik məsələlər üzrə razılaşmanın əldə olunmasıdır.
Sfera.az xəbər verir ki, Ağ Evin məlumatına görə, ABŞ nümayəndə heyəti danışıqlara hazırdır və prosesin sürətli şəkildə irəliləməsi üçün hazırlıq işləri davam etdirilir. Bildirilib ki, İsveçrədə keçirilməsi planlaşdırılan görüşlər bu mərhələnin əsas diplomatik platformalarından biri olacaq.
Razılaşma çərçivəsində İrana müəyyən iqtisadi imkanların yaradılması və xam neft ixracı, eləcə də dəniz bankçılığı sahəsində tətbiq olunan bəzi sanksiyaların yumşaldılması nəzərdə tutulur. Bu addımın tərəflər arasında etimad mühitinin formalaşmasına və gərginliyin azaldılmasına xidmət edəcəyi qeyd olunur.
Ekspertlər bu prosesi ABŞ–İran münasibətlərində mühüm dönüş nöqtəsi kimi qiymətləndirir. Onların fikrincə, danışıqların uğurla nəticələnməsi Yaxın Şərqdə diplomatik balansın dəyişməsinə və regional sabitliyin güclənməsinə təsir göstərə bilər.
Eyni zamanda, Pakistan, Qətər, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının vasitəçilik səylərinin prosesə əlavə dəstək verdiyi bildirilir. Qarşıdakı 60 gün ərzində aparılacaq danışıqların nəticələrinin regionun siyasi və təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə biləcəyi vurğulanır.
Mənsumə
