Tramp İranla bağlı razılaşmanı şərh etdi, yeni təhdid səsləndirdi

Tramp İranla bağlı razılaşmanı şərh etdi, yeni təhdid səsləndirdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanı müsbət qiymətləndirərək onu “tam olaraq istədiyimiz kimi” adlandırıb. O, sazişin əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Tramp Fransada keçirilən G7 Liderlər Zirvəsinin bağlanışında çıxış edərək razılaşmanın nəticələrindən razı qaldığını, lakin İranın öhdəlikləri yerinə yetirməyəcəyi halda sərt addımların gündəmə gələ biləcəyini deyib. “Əgər İran sazişə əməl etməsə, onları yenidən bombalaya bilərik”, – deyə o bildirib.

ABŞ prezidenti həmçinin münaqişənin başa çatdığını, Hörmüz boğazının yenidən açıldığını və regionda gərginliyin azaldığını iddia edib. Onun sözlərinə görə, tərəflər müəyyən nəticələr əldə edib və ABŞ qarşıya qoyulan əsas hədəflərə nail olub.

Tramp 60 günlük müddətə də toxunaraq bu vaxt ərzində irəliləyiş olmazsa, yeni hərbi və siyasi addımların istisna edilmədiyini vurğulayıb. O, eyni zamanda İranın nüvə silahına sahib olmasının qarşısının alındığını iddia edib.

ABŞ prezidenti iqtisadi məsələlərə də diqqət çəkərək bildirib ki, müharibənin davam etməsi qlobal bazarlarda ciddi böhran yarada bilərdi. Onun sözlərinə görə, sülh istiqamətində atılan addımlar fonunda fond bazarında artım müşahidə olunub.

Tramp İranın dondurulmuş aktivləri ilə bağlı da danışaraq bu vəsaitlərin qaytarılmasının vacibliyini qeyd edib. O bildirib ki, bu addım beynəlxalq maliyyə sisteminə və ABŞ dollarına olan etimada təsir göstərə bilər.

Eyni zamanda ABŞ prezidenti İsrail Baş naziri Benyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib və hərbi əməliyyatlarda daha yumşaq yanaşmanın vacibliyini vurğulayıb. O, bəzi hücumların həddən artıq sərt olduğunu düşündüyünü də bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ