ABŞ-nin Ukrayna siyasəti dəyişir? – Ekspertdən AÇIQLAMA

Makron G7də diplomatik uğura imza ataraq ABŞ prezidentini Ukraynaya əlavə hərbi dəstək göstərilməsinə razı sala bilib.
Diplomatlardan biri bildirib ki, Trampa ötürülən əsas mesaj Rusiyanın zəiflədiyi və çıxılmaz vəziyyətdə qalaraq daha aqressiv addımlar atdığı barədə olub.
Bununla da ABŞ-nin Ukrayna siyasətində dəyişiklik olacaq deyə bilərikmi? Putinin bu məsələlərə reaksiyası necə olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Elmir Səftərov bildirib ki, G7 sammitinin nəticələri göstərir ki, ABŞ-nin Ukrayna məsələsinə yanaşmasında müəyyən dəyişikliklər müşahidə olunmağa başlayıb. Onun sözlərinə görə, Donald Trampla Volodimir Zelenski arasında daha əvvəl keçirilən görüşlərə nəzər saldıqda Trampın Ukraynanın əlində kifayət qədər təsir rıçaqlarının olmadığını və münaqişənin yalnız müəyyən güzəştlər hesabına həll oluna biləcəyi aydınlaşır:

"Lakin son aylarda Ukraynanın döyüş meydanında əldə etdiyi müəyyən uğurlar və nümayiş etdirdiyi müqavimət fonunda Trampın yanaşmasında da müəyyən korrektələrin baş verdiyi hiss olunur. Bu baxımdan Trampın ritorikası və siyasi mövqeyi birbaşa olaraq cəbhədə formalaşan vəziyyətlə bağlıdır. Şübhəsiz ki, müharibənin ilk günlərindən indiyədək ABŞ Ukraynaya ən böyük hərbi və maliyyə dəstəyi göstərən ölkələrdən biridir. Trampın hakimiyyətə qayıdışından sonra bu dəstəyin həcmi və forması ilə bağlı müəyyən suallar yaransa da, mövcud proseslər Vaşinqtonun yanaşmasının yenidən nəzərdən keçirilə biləcəyini göstərir. Tramp Ukraynaya dəstəyin müxtəlif formatlarda davam etdirilməsinə razılıq verə bilər. Bununla yanaşı, hesab etmək olar ki, o, bu qərarı verməzdən əvvəl Rusiya ilə münasibətlərin perspektivlərini qiymətləndirib və ya Moskva ilə bəzi məsələlər ətrafında əlavə məsləhətləşmələr aparacaq".
Siyasi şərhçi qeyd edib ki, digər mühüm amil isə enerji bazarlarında baş verən proseslərdir. İranla mümkün razılaşmaların əldə olunması və qlobal enerji bazarındakı dəyişikliklər ABŞ-nin Rusiya siyasətinə də təsir göstərə bilər:
"Neft qiymətlərinin əvvəlki səviyyələrə yaxınlaşması fonunda Rusiyaya qarşı müəyyən sanksiyaların sərtləşdirilməsi və ya yenidən gündəmə gətirilməsi ehtimalı istisna deyil. Bununla belə, hazırkı prosesləri Trampın Rusiyaya qarşı tamamilə sərt mövqeyə keçməsi kimi qiymətləndirmək hələ tezdir. Müşahidə olunan dəyişikliklər daha çox taktiki xarakter daşıyır. Trampın siyasi fəaliyyətinə nəzər saldıqda onun müxtəlif dövrlərdə fərqli, bəzən isə bir-birinə zidd mövqelər nümayiş etdirdiyini görmək mümkündür.
Ona görə də ehtimal etmək olar ki, Tramp bu yanaşma vasitəsilə Rusiyanı danışıqlar masasına gətirməyə və müəyyən kompromislərə sövq etməyə çalışır. Bununla yanaşı, Rusiya da diplomatik və iqtisadi təzyiqlər fonunda Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirməyə, enerji ixracı hesabına sanksiyaların təsirini minimuma endirməyə çalışacaq. Eyni zamanda, Moskva hərbi və siyasi tərəfdaşları ilə əlaqələrini gücləndirməyə və mövcud dəstək mexanizmlərini qorumağa çalışacaq. Buna görə də yaxın perspektivdə həm diplomatik, həm iqtisadi, həm də siyasi müstəvidə rəqabətin və fəallığın daha da artacağı gözlənilir".
Firuzə Əliyeva
