Azərbaycanın enerji və nəqliyyat siyasəti regionda təhlükəsizliyə necə təsir edir? – Deputat açıqladı

Prezident İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizlik sahəsində rolunu bir daha gündəmə gətirib.
Dövlət başçısı çıxışında ölkəmizin enerji, nəqliyyat və kommunikasiya sahələrində həyata keçirdiyi strateji layihələrin regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Bəs Azərbaycanın enerji və nəqliyyat sahəsində reallaşdırdığı layihələr regionun təhlükəsizliyinə və iqtisadi inkişafına necə təsir göstərir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, Azərbaycan son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri ilə təkcə öz iqtisadi maraqlarını təmin etməyib, həm də regional əməkdaşlığın güclənməsinə mühüm töhfə verib.
Deputatın sözlərinə görə, ölkəmizin enerji resurslarının ixrac marşrutlarını şaxələndirməsi və müasir nəqliyyat-kommunikasiya infrastrukturu yaratması region ölkələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın artmasına şərait yaradır:
“Bu gün dünyada enerji, logistika və kommunikasiya imkanları yalnız iqtisadi amil kimi deyil, həm də geosiyasi təsir vasitəsi kimi çıxış edir. Bir sıra hallarda enerji təchizatı, nəqliyyat marşrutları və infrastruktur imkanlarından siyasi təzyiq aləti kimi istifadə olunduğunu müşahidə edirik. Azərbaycan isə fərqli yanaşma sərgiləyərək bütün tərəfdaşları ilə münasibətlərdə etibarlılıq, qarşılıqlı fayda və öhdəliklərə sadiqlik prinsiplərinə üstünlük verir”.
N.Arpadarai qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri regionda iqtisadi əlaqələrin genişlənməsinə, ticarətin inkişafına və sabitliyin möhkəmlənməsinə xidmət edir:
“Ölkəmiz etibarlı tərəfdaş kimi həm qonşu dövlətlər, həm də daha geniş coğrafiyada yerləşən ölkələr üçün mühüm rol oynayır. Azərbaycanın təşəbbüsləri Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Şərqi Avropa arasında əlaqələrin güclənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və dayanıqlı inkişafın təmin olunmasına töhfə verir. Bu da öz növbəsində regional təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edir”.
Firuzə Əliyeva
