Onlar ABŞ-İran razılaşmasından narazı qaldı

İsrailin yüksək səviyyəli müdafiə rəsmiləri ABŞ və İran arasında imzalanan anlaşma memorandumundan narazılıqlarını ifadə ediblər.
Sfera.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Nəşrin məlumatına görə, bu həftə keçirilən təhlükəsizlik kabinetinin iclasında İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələri ABŞ-lə İran arasında əldə olunan razılaşmanın Tehrana qarşı iqtisadi təzyiqləri zəiflədə biləcəyindən narahat olduqlarını bildiriblər. Mənbələrin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) rəhbərliyi nazirlərə və Baş nazir Binyamin Netanyahuya məlumat verib ki, Hörmüz boğazında tətbiq edilən dəniz blokadası İran iqtisadiyyatına ciddi zərbə vurub.
Xüsusilə neft sənayesinin böyük itkilərlə üzləşdiyi, iqtisadi təzyiqlərin davam etməsinin isə Tehranda daha dərin böhrana səbəb ola biləcəyi vurğulanıb. Bildirilir ki, məhdudiyyətlərin saxlanılması İranı yeni mədənlərin fəaliyyətini dayandırmağa məcbur edə və dövlət gəlirlərinin əsas mənbələrindən birinə uzunmüddətli zərər vura bilər. Eyni zamanda, NBC telekanalı israilli mənbəyə istinadən xəbər verib ki, İsrail hökuməti hələ də ABŞ və İran arasında imzalanan memorandumun tam mətni ilə tanış olmayıb. Mənbə İsrail tərəfinin Vaşinqtondan sənədin mətnini tələb edib-etmədiyini açıqlamayıb.
Amerikalı mənbənin sözlərinə görə isə ABŞ İran tərəfinə açıq şəkildə bildirib ki, "Hizbullah" tərəfindən hər hansı hücum baş verərsə, İsrailin cavab tədbirləri görmək hüququ olacaq. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla anlaşma memorandumunu şəxsən imzaladığını açıqlamışdı. İran tərəfi də sənədin imzalandığını təsdiqləyib.
Firuzə Əliyeva
