Donald Tramp: “Əgər İran səhv addım atsa, cavab verəcəyik”

Fransada keçirilən G7 Zirvəsi çərçivəsində çıxış edən ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt mesajlar verib. O, Tehranla əldə edildiyi iddia olunan razılaşmaya toxunaraq anlaşmaya əməl olunmaması halında ciddi nəticələrin ola biləcəyini bildirib.
Sfera.az xəbər verir ki, Tramp mətbuat konfransında “İran nüvə silahına sahib ola bilməz” deyib və əldə olunan razılaşmanın İranı nüvə silahı əldə etməkdən 99,9 faiz uzaqlaşdıracağını iddia edib. O, razılaşmanın detalları açıqlanmasa da bunun “çox güclü bir saziş” olduğunu vurğulayıb.
“Bu, bir anlaşma memorandumudur. Əgər razı qalmasam, əməliyyatlar davam edə bilər”, – deyə Tramp bildirib.
O, həmçinin bölgədəki gərginliklərə toxunaraq Hörmüz boğazı ilə bağlı risklərin qarşısının alındığını və neft qiymətlərinin əvvəlki böhran səviyyələrinə yüksəlmədiyini iddia edib. Trampın sözlərinə görə, enerji bazarlarında qiymətlər aşağı düşüb və qlobal iqtisadi sabitlik bərpa olunmağa başlayıb.
Keçmiş administrasiyaları tənqid edən Tramp ABŞ-ın region siyasətini də sərt şəkildə qiymətləndirib və bölgədən 22 gəminin çıxarıldığını qeyd edib.
Digər tərəfdən, İran tərəfinin də daxil olduğu iddia edilən diplomatik proseslə bağlı yeni mərhələnin cümə günü imzalanma mərasimi ilə rəsmiləşdirilə biləcəyi bildirilir. Məlumata görə, mərasimdə İran Xarici İşlər nazirinin müavini Məcid Taxt-Rəvançi, İran parlament nümayəndələri və ABŞ vitse-prezidenti C.D. Vens də iştirak edə bilər.
Qeyd edək ki, bu açıqlamalar və iddia edilən razılaşma barədə məlumatlar rəsmi mənbələr tərəfindən tam təsdiqlənməyib və detallar hələlik ictimaiyyətə açıqlanmayıb.
Mənsumə
