“15 iyun Azərbaycanın yenidən doğulduğu tarixdir” – YAP fəalı

“1993-cü ilin 15 iyunu Azərbaycan üçün xaosun astanasında dayanan bir xalqın yenidən nəfəs aldığı, gələcəyə inamını tapdığı an kimi tarixə düşüb".
Sfera.az xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) fəalı Əfsanə İbrahimovanın 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş məqaləsində yer alıb.
O qeyd edib ki, həmin ərəfələrdə Azərbaycan müstəqilliyini itirmək və bir dövlət kimi silinmək təhlükəsi ilə üz-üzə idi:
“Təsəvvür edin: ölkənin bir hissəsi işğal altında, cəbhədə ağır itkilər yaşanır, paytaxtda hakimiyyət qeyri-sabitdir, silahlı dəstələr küçələrdə hökm sürür və Gəncədə qardaş qırğını təhlükəsi yaranıb. İnsanlar sabaha inamını itirmişdi, dövlətçilik anlayışı özü sual altında idi. Məhz bu məqamda – ən qaranlıq saatda xalqın gözü Naxçıvana çevrildi və qurtuluşa aparan tarixi çağırış prosesi başladı".
Ə.İbrahimova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı xalqın böyük rezonansına səbəb olub:
“İnsanlar meydanlara, aeroportlara axışaraq Ulu Öndərə böyük dəstək nümayiş etdirdilər. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi formal prosedurdan çox, xalqın iradəsinin rəsmiləşməsi idi. Bu, sadə bir kadr dəyişikliyi kimi görünsə də, əslində bir dövlətin yenidən doğulması demək idi. Bu qayıdış ölkəmizi böyük bir uçurumun eşiyindən döndərdi".
Məqalədə həmçinin qeyd olunub ki, 15 İyun sadəcə bir təqvim günü deyil, gələcək nəsillərə ötürülən mühüm mesajdır:
"Bu gün bizə xatırladır ki, sabitlik, dövlət müstəqilliyi və vətəndaş həmrəyliyi əbədi təminatlı şeylər deyil, hər gün yenidən qazanılmalı və qorunmalı olan dəyərlərdir. 15 iyun bizə öyrədir ki, ən qara günlərdə belə, xalqın iradəsi və düzgün liderlik bir ölkənin taleyini kökündən dəyişə bilər". YAP fəalı sonda əlavə edib ki, bu gün Fəxri Xiyabana axışan insan seli dövlət rəhbərliyinə və Ulu Öndərin irsinə olan dərin minnətdarlığın göstəricisidir: "Azərbaycan dövləti hər ili uğurla başa vurduqca, beynəlxalq arenada özünü təkrar-təkrar sübut etdikcə və yeni zəfərlərə imza atdıqca, Ulu Öndərin də ruhu şad olur və hər zaman şad olacaq”.
