Hizbullah zəifləyib, yoxsa yeni taktika seçib? - Ekspertdən AÇIQLAMA

Hizbullah zəifləyib, yoxsa yeni taktika seçib? - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Livan hakimiyyəti vasitəsilə “Hizbullah”dan İsraillə bağlı atəşkəs mesajı alıb.

 

Mesaja görə, əgər İsrail Beyruta yeni hücumlar həyata keçirməsə, təşkilat da İsrail ərazisini hədəfə almaqdan çəkinəcək.

 

Maraqlıdır, “Hizbullah”ın bu mesajı təşkilatın hərbi-siyasi mövqeyinin zəifləməsindən xəbər verir, yoxsa bu, regionda yeni danışıqlar mərhələsinə keçid üçün atılmış taktiki addımdır?

 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a bildirib ki, ABŞ aralıq seçkilərinə hazırlaşır və buna görə də İranla bağlı tez bir zamanda nəticə əldə etməlidir.

 

Onun fikrincə, ABŞ-İran qarşıdurmasında gəlinən nəticə elə olmaldır ki, həm Vaşinqton, həm də Tehranın maraqlarına cavab versin:

 

 

“Yəni Trampın İranla bağlı gəlinən nəticəni ABŞ xalqına qələbə kimi təqdim edə bilməsi üçün əsaslar lazımdır. Hazırda həm ABŞ, həm də İran bu əsasları müəyyən etməyə çalışırlar. Yəni İran da bu prosesin sonunda öz qələbəsini elan etməlidir. Bu vəziyyət isə Netanyahu hökumətinə sərf eləmir. Çünki genişlənmə siyasəti İsrail teokratiyası üçün həm də ideoloji mahiyyət daşıyır. Bunun üçün isə Yaxın Şərqdə qeyri-stabil vəziyyət, gərginlik ocaqları qalmalı, xüsusilə İranla bağlı müharibə şəraiti davam etməlidir. Sionizmin hədəfləri bunu tələb edir. Netanyahu hesab edir ki, indiyə qədər İsrailin bu hədəflərinin reallaşması üçün Tramp vazgeçilməz fürsətdir. Çünki indiyə qədər heç bir ABŞ prezidenti İsralin İranla müharibə planlarına dəsətk verməyib”.

 

Əli Zülfüqaroğlu əlavə edib ki, Netanyahunun təhriki və MOSSAD-ın yanlış hesablamaları ilə İranla müharibəyə daxil olan ABŞ hökuməti ciddi problemlərlə üzləşib:

 

“Vəziyyətin bu cür davam etməsi isə ABŞ hökumətinin noyabrda konqresə seçkilərdə uduzmasına gəıtirib çıxara bilər. Ona görə də Tramp hökuməti üçün hazırki prioritet seçkilərdir. Netanyahunu narahat edən də İranla-ABŞ arasında razılaşma ehtimalıdır”.

 

Siyasi şərhçi əlavə edib ki, tərəflər arasında qarşılıqlı şərtlərdə qəbuledilməz məqamlar olsa da, ABŞ rəsmilərinin son açıqlamaları bir sıra maraqlı məqamlarla da müşahidə olunur:

 

“Xüsusilə ABŞ rəsmiləri tərəfindən İranın nüvə silahı istehsal etməməsi və əldə etməyəcəyi ilə bağlı zəmanət verməsi məsələsinin önə sürülməsi. Halbuki ABŞ indiyə qədər zənginləşdirilmiş uranın birmənalı olaraq İrandan çıxarılmasını tələb edirdi. İranın əsas tələblərindən biri isə atəşkəsin və ümumiyyətlə sülh prosesinin həm də bütün cəbhələrə – Livan, Yəmən və İraqa da aid edilməsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, İsrailin davamlı olaraq Livana hücumları təsadüfi deyil. Bu İranın şərtlərindən birinin pozulması ilə bütövlükdə danışıqlar prosesinin İsrail tərəfindən sabotaj edilməsi deməkdir.

 

Buna görə də Trampla-Netanyahu arasında gərginlik yaşandı. Ona görə də istər İran, istərsə də ABŞ Hizbullahın İsrailin Livana hücumuna bəhanə yaratmamasına çalışır. Hizbullahın da son açıqlaması bununla bağlıdır. Çünki Netanyahu Trampla telefon danışığı zamanı bildirib ki, İsrail Hizbullahın hücumlarına cavab verir və bu əməliyyatları davam etdirəcək. Ona görə də, Hizbullahın bu açıqlaması onun zəifləməsi ilə bağlı deyil, Təl-Əvivin fakt qarşısında qoyulması anlamı daşıyır və ABŞ-İran danışıqlarının tərkib hissəsidir”.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ