44 günlük Vətən Müharibəsi və tarixi Zəfər

Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi təkcə torpaqların azad edilməsi ilə nəticələnməyib, həm də regionda yeni reallıqlar yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa edib. Lakin bu müharibə həm də Ermənistanın beynəlxalq hüququ, sülh və insanlıq əleyhinə prinsipləri necə kobud şəkildə tapdaladığını, törətdiyi hərbi cinayətləri bütün çılpaqlığı ilə ortaya qoyub.
Sfera.az bildirir ki, bu gün rəsmi Bakının xarici siyasətinin ən mühüm istiqamətlərindən biri məhz bu cinayətlərin, erməni vandalizminin və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəyini anlayaraq, çirkin və qəddar taktikaya əl atıb. Döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən, heç bir hərbi infrastrukturun olmadığı şəhər və rayonlar - Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Beyləqan və Ağcabədi ballistik raketlər, reaktiv yaylım atəşi sistemləri və qadağan olunmuş kasetli bombalarla hədəfə alınıb. Gəncə və Bərdəyə edilən gecə hücumları nəticəsində aralarında uşaqlar, qadınlar və qocaların da olduğu 100-ə yaxın mülki şəxs şəhid olub, 400-dən çox insan isə yaralanıb. Bu, sadəcə müharibə itkisi deyil, birbaşa sülh və insanlıq əleyhinə törədilmiş bəşəri cinayətdir.
Ermənistanın törətdiyi cinayətlər təkcə insan tələfatı ilə məhdudlaşmayıb. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan mədəni, tarixi və dini irs tamamilə məhv edilib. Məscidlərin dağıdılması, orada heyvan saxlanılması təkcə Azərbaycana deyil, bütün İslam dünyasına qarşı təhqir və bəşəri cinayət idi.
Müharibə bitsə də, Ermənistanın "mina terroru" bu gün də davam edir. Beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq, İrəvan uzun müddət mina xəritələrini verməkdən imtina edib, təqdim etdiyi xəritələrin isə dəqiqliyi cəmi 25% civarında olub. Bu səbəbdən post-müharibə dövründə yüzlərlə hərbçi və mülki vətəndaş mina partlayışlarının qurbanı olub.
Azərbaycan dövləti müharibənin ilk günündən etibarən informasiya cəbhəsində də böyük fədakarlıq nümayiş etdirib. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə erməni yalanlarını ifşa edən ən güclü diplomatik gediş idi.
Bu gün rəsmi Bakı həqiqətlərin dünyaya çatdırılması üçün bir sıra platformalardan aktiv istifadə edir. Məsələn, Azərbaycan Ermənistanın beynəlxalq konvensiyaları, o cümlədən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" konvensiyanı pozması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində hüquqi prosesləri davam etdirir.mİşğaldan azad edilmiş Şuşa, Ağdam, Füzuli və digər rayonlara mütəmadi olaraq xarici səfirlərin, beyin mərkəzlərinin rəhbərlərinin və jurnalistlərin səfərləri təşkil olunur. Onlar erməni vandalizmini "ruhlar şəhəri"nə çevrilmiş Ağdamda öz gözləri ilə görürlər. Dağıdılmış şəhərlərin, ekoloji terrorun (meşələrin yandırılması, çayların zəhərlənməsi) miqyası beynəlxalq ekspertlərin iştirakı ilə sənədləşdirilir və BMT, ATƏT, Avropa Şurası kimi qurumlara hesabat şəklində təqdim olunur.
44 günlük Vətən Müharibəsi Azərbaycanın həm hərbi, həm də mənəvi qələbəsidir. Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması sadəcə keçmişin hesabı deyil, həm də gələcəkdə regionda davamlı sülhün təmin olunması üçün əsas şərtdir. Beynəlxalq birlik İrəvanın bu cinayətlərinə göz yummamalı, hüquqi və siyasi qiymətini verməlidir. Rəsmi Bakı isə bu istiqamətdə başladığı haqq savaşını sona qədər davam etdirməkdə qərarlıdır.
Bəsti Rəfizadə
Sfera.az
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

