Aİ ilə Azərbaycan arasında yeni format: münasibətlər inkişaf edir

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Bakı ilə Brüssel arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzrə danışıqların bərpasını müzakirə edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müzakirələr fonunda diqqət çəkən əsas sual isə belədir: Bu addım Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Deputat Vüqar Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Kaja Kallasın Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı hörmətə və anlaşmaya əsaslandığını göstərir. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə fərqli sahələrdə əməkdaşlıq edir:

“Avropa İttifaqının üzvü olan bir sıra ölkələr ilə strateji tərəfdaşlıq müqaviləsinə malikdir. Xüsusilə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artması da ondan xəbər verir ki, tərəflər qarşılıqlı olaraq münasibətlərin dərinləşməsində maraqlıdır. Nəzərə alsaq ki, Azərbaycanın təbii qaz ixrac etdiyi 16 ölkə də Avropa İttifaqına üzv olan ölkələrdir. Çexiya Azərbaycandan təbii qaz almaqda maraqlıdır. Bu onu göstərir ki, yaxın vaxtlarda Avropa İttifaqına üzv olan və Azərbaycandan mavi qaz almaq istəyən ölkələrin sayında artımlar müşahidə olunacaq. Bu da təbii ki, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə daha yaxından töhvə verəcəyi anlamına gəlir. Eyni zamanda Azərbaycan hazırda Avropa İttifaqının mavi qaz idxalında ən böyük beşinci tərəfdaşıdır. Bu da təbii ki, ölkənin Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasının rolunu bir daha təsdiq edir. Təəssüf ki, Avropada müxtəlif qruplar Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışırlar”.
Müsahibimiz vurğulayıb ki, Avropa Parlamentinin son qərəzli və saxta iddialara əsaslanan qətnaməsi də ondan xəbər verir ki, Avropa Parlamentində bir sıra, xüsusilə də Azərbaycan və İttifaq arasındakı münasibətləri pozmağa çalışan qüvvələrin olmasına baxmayaraq, Azərbaycanla Avropa ittifaqı arasında münasibətlər inkişaf edir:
“Biz mütəmadi olaraq Avropa Parlamentində bu tip qətnamələrin qəbulunu müşahidə edirik. Amma bu, Azərbaycan və Avropa İttifaqını və Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə, dövlətlərlə münasibətlərimizə xələl gətirmir. Əksinə, Azərbaycan və Avropa İttifaqı arasında sıx və ehtiamada əsaslanan münasibətlər dərinləşir. Bu da birbaşa ondan xəbər verir ki, Avropa Komissiyası və Azərbaycan qarşılıqlı hörmət və tərəflərin milli maraqları nəzərə alınmaqla əməkdaşlıqda maraqlıdırlar. Ermənistanda keçirilən Avropa Siyasi Birliyi zirvəsindən sonra Kaja Kallasın Azərbaycana səfəri də məhz bu münasibətlərin davam etməsində Brüsselin maraqlı olduğunu bir daha təsdiq edir. Təbii ki, mütəmadi olaraq Avropa İttifaqına üzv olan dövlətlərin Azərbaycana yüksək səviyyəli səfərləri olur. Son 2 həftədə Azərbaycana Avropa İttifaqındə olan iki ölkənin baş nazirinin və bir ölkənin prezidentinin səfər etməsi ondan xəbər verir ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər həm də çoxtərəfli və ikitərəfli müstəvidə davam edir. Burada ən önəmli məqamlardan biri məhz strateji tərəfdaşlıq əsasında münasibətlərin inkişaf etməsidir.
Çünki, nəzərə alsaq ki, enerji təhlükəsizliyi istiqamətində danışıqlar və müzakirələr davam edir və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət də çoxvektorlu olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarını nəzərə almaqla Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində orta güc dövlətinə çevrilib. Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistana yanacaq ixracatı da göstərir ki, Azərbaycan sülh və əməkdaşlıqda maraqlıdır. Bu da birbaşa ondan xəbər verir ki, regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycan, bütövlükdə dayanıqlı sülhün əldə edilməsinə ən çox töhvə verən ölkələrdən biridir. O baxımdan həm nəqliyyat, həm enerji, həm də digər sahələrdə əməkdaşlıq regionla Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına və digər tərəfdən region daxilində stabilliyin və əməkdaşlığın möhkəmlənməsinə imkan yaradır”.
Politoloq Tural İrfan isə bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr son illərdə ardıcıl şəkildə inkişaf etməkdədir. Onun sözlərinə görə, bu dinamika tərəflər arasında siyasi dialoqun daha da intensivləşdiyini göstərir:

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə Azərbaycanın xarici işlər nazirinin keçirdiyi müzakirələr də münasibətlərin yeni mərhələyə keçidini təsdiqləyən əsas göstəricilərdən biri kimi qiymətləndirilir. Strateji tərəfdaşlıq istiqamətində yeni formatda müqavilə üzrə danışıqların bərpası bu əlaqələrin təkcə siyasi deyil, həm də iqtisadi və enerji sahələrində daha sistemli şəkildə inkişaf etdiyini ortaya qoyur. Tərəflər arasında aparılan bu müzakirələr qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Politoloq vurğulayıb ki, Bakı və Brüssel arasında yeni strateji tərəfdaşlıq müqaviləsi Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində daha sabit və uzunmüddətli əməkdaşlıq modelinə doğru irəliləyişin göstəricisi kimi dəyərləndirilir:
“Bu proses ümumilikdə Azərbaycanın Avropa İttifaqı ilə mühüm əlaqələrinin müsbət istiqamətdə inkişaf etdiyini göstərir. Eyni zamanda bu, qarşılıqlı münasibətlərin daha da dərinləşdiyini bir daha təsdiqləyir”.
Niyaz Hacıyev
Sfera.az
