İlham Əliyevin kadr siyasəti: uğurun əsas səbəbi budur

İlham Əliyevin kadr siyasəti: uğurun əsas səbəbi budur
Kateqoriya məlum deyil
T

Son illərdə Azərbaycanın siyasi və iqtisadi həyatında əldə olunan uğurlar, həyata keçirilən genişmiqyaslı islahatlar və beynəlxalq müstəvidə mövqelərin möhkəmlənməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilir.

 

Xüsusilə Qarabağ Zəfəri ölkənin tarixində yeni mərhələnin əsasını qoydu. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, dövlətin hərbi, siyasi və diplomatik gücünü bütün dünyaya nümayiş etdirdi. Postmüharibə dövründə aparılan uğurlu siyasət nəticəsində ölkənin mövqeləri daha da möhkəmlənib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq arenada artan prestiji, müxtəlif qlobal layihələrdə fəal iştirakı və etibarlı tərəfdaş kimi qəbul olunması Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasətin nəticəsi kimi qiymətləndirilir. Enerji layihələri, regional əməkdaşlıq təşəbbüsləri və diplomatik əlaqələrin genişlənməsi ölkənin strateji əhəmiyyətini daha da artırıb.

 

 

Sfera.az olaraq apardığımız araşdırma göstərir ki, bu uğurların arxasında dayanan əsas amillərdən biri də düzgün və strateji kadr seçimidir. Son dövrlərdə həyata keçirilən təyinatlar sübut edir ki, dövlət idarəçiliyində peşəkar, çevik və müasir çağırışlara cavab verən şəxslərə üstünlük verilir. Bu baxımdan, son illərin ən uğurlu təyinatlarını təqdim edirik.

 

Bu uğurlu kadr siyasətinin ən parlaq nümunələrindən biri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir. Onun fəaliyyəti xüsusilə son illərdə Azərbaycanın informasiya siyasətində və diplomatik müstəvidə mühüm rol oynayıb. Vətən müharibəsi dövründə operativ çıxışları, beynəlxalq mediaya verdiyi müsahibələr və Azərbaycanın mövqeyini dəqiq, arqumentli şəkildə təqdim etməsi geniş rezonans doğurub.

 

 

Bu, Azərbaycanın informasiya cəbhəsində də üstünlük qazanmasına ciddi təsir göstərib. Hikmət Hacıyevin fəaliyyəti təkcə müharibə dövrü ilə məhdudlaşmır. O, sonrakı mərhələdə də Azərbaycanın xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında, diplomatik əlaqələrin möhkəmləndirilməsində və ölkənin imicinin gücləndirilməsində mühüm rol oynamaqdadır. Bu isə onun Prezident tərəfindən həyata keçirilən kadr siyasətində nə qədər uğurlu seçim olduğunu bir daha təsdiqləyir.

 

Xarici siyasət sahəsində isə xarici işlər naziri Ceyhun Bayramovun fəaliyyəti xüsusi qeyd olunmalıdır.

 

 

Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, ölkənin mövqeyi qlobal platformalarda uğurla müdafiə olunur və regional proseslərdə fəal iştirak təmin edilir. Təkcə son bir ildə – 2025-2026-cı illər ərzində Azərbaycan bir sıra strateji tərəfdaş ölkələrlə siyasi dialoqu dərinləşdirib, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni razılaşmalar əldə olunub. Xüsusilə Avropa ölkələri ilə əlaqələrin inkişafı fonunda Azərbaycanın enerji ixracı və tranzit rolu daha da güclənib.

 

İqtisadi blokda isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun fəaliyyəti seçilir.

 

 

Onun rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu siyasət Azərbaycanın iqtisadi dayanıqlığını artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Maliyyə sahəsində maliyyə naziri Sahil Babayevin fəaliyyəti diqqət çəkir.

Dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın artırılması, büdcə xərclərinin səmərəliliyinin yüksəldilməsi və fiskal intizamın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə yeni mərhələnin formalaşdığını göstərir.

 

Rəqəmsallaşma və nəqliyyat sektorunda isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin fəaliyyəti xüsusi vurğulanmalıdır.

 

 

Onun rəhbərliyi altında rəqəmsal xidmətlərin genişləndirilməsi, innovativ həllərin tətbiqi və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. 

2025-2026-cı illərdə ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib, dövlət xidmətlərinin elektronlaşdırılması sürətlənib və vətəndaşlar üçün daha əlçatan platformalar yaradılıb. Eyni zamanda, fiber-optik şəbəkənin genişləndirilməsi və yüksək sürətli internetin regionlara yayılması istiqamətində işlər intensivləşdirilib.

 

Nəqliyyat sahəsində isə Azərbaycan beynəlxalq tranzit qovşağı kimi mövqeyini möhkəmləndirib. Orta Dəhliz üzrə yükdaşımaların həcmi artıb, logistika marşrutlarının şaxələndirilməsi və liman, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi istiqamətində layihələr davam etdirilib. Bu da ölkənin Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirib.

Bununla yanaşı, “ağıllı nəqliyyat” sistemlərinin tətbiqi, rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi və innovativ texnologiyaların inteqrasiyası sektorun inkişafında əsas prioritetlərdən biri olub.

 

Enerji sektorunda energetika naziri Pərviz Şahbazovun fəaliyyəti də diqqət çəkən istiqamətlərdəndir.

 

 

2025-2026-cı illərdə ölkənin qaz ixracı coğrafiyası genişlənib, Avropaya tədarük həcmləri sabit şəkildə artıb və yeni bazarlarla bağlı danışıqlar intensivləşib. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və mövcud infrastrukturun daha səmərəli istifadəsi istiqamətində addımlar atılıb.

 

Bununla yanaşı, “yaşıl enerji” istiqamətində də mühüm irəliləyişlər qeydə alınıb. Bərpa olunan enerji layihələrinin icrası sürətlənib, günəş və külək enerjisi üzrə yeni investisiya sazişləri imzalanıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” kimi inkişafı konsepsiyası çərçivəsində konkret layihələrin reallaşdırılmasına başlanılıb.

Eyni zamanda, enerji səmərəliliyinin artırılması, daxili istehlakın optimallaşdırılması və ixrac potensialının genişləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalır

Dövlət təhlükəsizliyi və sabitliyin təmin olunması baxımından son dövrlərdə həyata keçirilən anti-terror əməliyyatları da xüsusi qeyd edilməlidir. Bu əməliyyatlar ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və suverenliyin tam təmin olunması istiqamətində mühüm nəticələr verib.

 

Media sahəsində isə Medinanın İnkişafı Agentliyinin fəaliyyəti və quruma rəhbərlik edən Əhməd İsmayılovun rolu xüsusilə vurğulanmalıdır.

 

 

Agentlik tək nəfərlik saytların, mediadan şantaj vasitəsi kimi istifadə edən platformaların və yalan xəbərlərin qarşısının alınması istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu, informasiya mühitinin sağlamlaşdırılması və peşəkar jurnalistikanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

 

Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti Azərbaycanın inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilib. Müasir düşüncəyə malik, peşəkar və nəticəyönümlü kadrların önə çəkilməsi dövlət idarəçiliyində dinamizmi artırmaqla yanaşı, ölkənin qarşıya qoyduğu strateji hədəflərə çatmasını da sürətləndirir. Uğurlu kadr siyasəti yalnız bu günün uğuru deyil, həm də gələcəyin təminatıdır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın həm regionda, həm də qlobal müstəvidə mövqelərini daha da gücləndirir.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ