"Ermənistan sülhdə maraqlıdırsa bunları etməlidir" - Deputatdan AÇIQLAMA

Ermənistan hələ də çoxsaylı məzarlıqların yerləri barədə məlumatları gizli saxlayır. Belə ki, azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib, 877 nəfərə məxsus insan qalıqları isə ekshumasiya olunaraq müvafiq araşdırmalara cəlb edilib.
Mina təhlükəsi və itkinlərin taleyi həll olunmadan sülh müqaviləsi nə dərəcədə mümkündür?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirli bildirib ki, Ermənistan və Azərbaycan arasında tarixi Vaşinqton razılaşmaları imzalanıb:

“Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda sülh müqaviləsi paraflanıb. Qarşılıqlı etimad prosesi geridönməz xarakter alıb və belə bir inam formalaşıb ki, 2026-cı il tarixə sülh ili kimi düşə bilər. Nəhayət, sülh müqaviləsinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı təhlükəsizlik mühitinin formalaşması real görünür. Bununla yanaşı, etimad mühitinin tam bərqərar olmasına mane olan müəyyən əngəllər hələ də qalmaqdadır. Bu problemlər arasında xüsusilə iki məsələ diqqət çəkir. Bunlardan birincisi Ermənistanın Azərbaycana qarşı mina siyasətidir. İşğal dövründə Azərbaycan ərazilərində 1,5 milyondan çox mina yerləşdirildiyi bildirilir. Nəticədə 400-dən çox vətəndaş həyatını itirib və ya yaralanıb. Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri ilə görüşündə bu məsələyə bir daha diqqət çəkib. O vurğulayıb ki, minalarla çirkləndirilmiş ərazilər ölkə ərazisinin təxminən 12-13 faizini təşkil edir. Bu, olduqca böyük göstəricidir və Ermənistanın bu istiqamətdə hələ də real addımlar atmaması narahatlıq doğurur. Halbuki bu addımlar sülh prosesinin məntiqi nəticəyə çatmasına ciddi töhfə verə bilərdi”.
Deputat ikinci əsas məsələnin itkin düşmüş şəxslərin taleyi ilə bağlı olduğunu söyləyib:
“Hazırda 4000-dən artıq azərbaycanlının taleyi barədə heç bir məlumat yoxdur. İşğaldan azad edilmiş ərazilərdə indiyədək 37 kütləvi məzarlıq aşkar edilib, 877 nəfərə aid qalıqlar ekshumasiya olunaraq ailələrinə təhvil verilib. Bununla belə, hələ də yüzlərlə belə məzarlığın mövcud olduğu ehtimal edilir və Ermənistan tərəfi bu barədə məlumat vermir. Bu yanaşma beynəlxalq hüquq normalarına, xüsusilə Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokoluna ziddir. Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə uyğun gəlməyən bu mövqe sülh prosesinə mənfi təsir göstərir. Ermənistan həqiqətən Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdırsa, həm mina təhlükəsi, həm də itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərdə daha şəffaf və konstruktiv mövqe sərgiləməlidir. Bu istiqamətdə atılacaq real addımlar sülh prosesinin irəliləməsinə mühüm töhfə verə bilər”.
Fidan Hacızadə
Sfera.az
