İran İsrailə qarşı yeni raketlərə əl atdı - Nələr yaşanacaq?

İran İsrailə qarşı yeni raketlərə əl atdı - Nələr yaşanacaq?
Kateqoriya məlum deyil
T

İran ilk dəfə olaraq İsrail və ABŞ-yə qarşı "Hacı Qasım" orta mənzilli ballistik raketindən istifadə edib.

 

Bunu artıq yeni mərhələyə keçid kimi qiymətləndirə bilərikmi? Bundan sonra hadisələr necə cərəyan edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Rəşad Bayramov bildirib ki, İranın ilk dəfə olaraq ABŞ və İsrail hədəflərinə qarşı “Hacı Qasım” orta mənzilli ballistik raketindən istifadə etməsi hər şeydən öncə strateji mesajdır. Onun sözlərinə görə, Tehran bu şəkildə güc nümayişi vasitəsilə faktiki olaraq xəbərdarlıq edir:

 

 

"İlk öncə onu qeyd edək ki, orta mənzilli raketlərin tətbiqi İranın hərbi imkanlarını praktik səviyyədə göstərir və onun əməliyyat radiusunu genişləndirir. “Hacı Qasim” raketi həm də texnoloji göstəricilər baxımından diqqət çəkir. Orta mənzilli ballistik raketlər uzunluğu və dəqiqliyi ilə ABŞ və İsrail üçün ciddi təhdid təşkil edir. İranın bu silahdan açıq şəkildə istifadə etməklə artıq proaktiv və uzaqmənzilli hücum potensialını nümayiş etdirir. Bu, təbii olaraq İranın nüvə və raket proqramına dair beynəlxalq narahatlıqları artırır, çünki raketlərin dəqiq hədəfləmə qabiliyyəti və əməliyyat radiusu nüvə və ya yüksək təsirli konvensional başlıqlar üçün nəzərdə tutulmuş kimi interpretasiya edilə bilər".

 

R.Bayramov qeyd edib ki, yeni mərhələyə keçid baxımından bu hadisə bir neçə amil üzrə təsirini göstərəcək:

 

"ABŞ və İsrail üçün əməliyyat təhlükəsizliyi, kəşfiyyat və müdafiə protokolları ciddi şəkildə yenilənməli olacaq. Regional müttəfiqlər, xüsusilə Körfəz ölkələri isə İranın orta mənzilli raket sistemləri ilə bağlı strateji qabiliyyətini nəzərə alaraq müdafiə və diplomatiya siyasətlərini təcili şəkildə adaptasiya etməyə məcbur olacaqlar. Şübhəsiz ki, ABŞ və İsrail İranın bu potensialını neytrallaşdırmaq üçün istər hərbi, istərsə də diplomatik təzyiqləri artıracaq. Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, “Hacı Qasım” raketindən istifadə İranın orta və uzaqmənzilli hücum qabiliyyətini nümayiş etdirməklə yanaşı, regional aktorlar üçün yeni təhlükəsizlik prioritetləri yaradır və ABŞ-İsrail-İran münasibətlərində gərginliyi daha da artırır. Amma İranın hansı raketlərdən istifadəsindən asılı olmayaraq mövcud potensial və qarşısındakı güc Tehranın ciddi uğur əldə edə bilməyəcəyini deməyə əsas verir".

 

Bildirilir ki, raket 2020-ci ildə amerikalılar tərəfindən öldürülmüş "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin şərəfinə adlandırılıb.

 

Məlumata görə, bu ikipilləli ballistik raket 2020-ci ildə təqdim edilib. Onun uçuş mənzili təxminən 1 400 km, döyüş hissəsinin kütləsi isə 500 kq təşkil edir.

 

Firuzə Əliyeva

Sfera.az

 
PAYLAŞ