"ABŞ İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasını istəyir" - AÇIQLAMA

Amerika Birləşmiş Ştatları Hörmüz boğazı da daxil olmaqla strateji əhəmiyyətə malik dəniz keçidlərində birgə patrul xidmətlərinin təşkili imkanlarını digər ölkələrlə müzakirə edir.
Bu barədə Donald Tramp məlumat verib. Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji marşrutlarının təhlükəsizliyi məsələsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə Hörmüz boğazı kimi kritik keçidlər dünya üzrə neft və qaz daşımalarının mühüm hissəsinin həyata keçirildiyi məkanlar hesab olunur.
Bu səbəbdən bölgədə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi təşəbbüsləri böyük dövlətlərin diqqət mərkəzindədir.
Maraqlıdır, ABŞ-nin məqsədi nədir? Birgə patrul mexanizmi enerji daşımalarının təhlükəsizliyinə real təsir göstərə bilərmi?
Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin məqsədi əlbəttə ki, İranın bağladığı Hörmüz boğazını açmaqdır. Onun sözlərinə görə, ən əsas məqsəd İranı bu boğazdan sıxışdırıb çıxarmaqdır:

“Çünki əsas məsələ burda həll olunur. Çünki, dünya neftinin təxminən 25%-i bu boğazdan keçir. Bu da çox önəmli bir rəqəmdir. Təsadüfi deyil ki, İranla müharibə başladıqdan sonra, İran Hörmüz boğazını bağladıqdan sonra dünyada neftin qiyməti sürətli şəkildə artır. Artıq neftin qiyməti 100 dolları ötüb. Bu çox fantastik bir rəqəmdir. ABŞ-nin özünü də çox çətin vəziyyətə salan məsələdir. Körfəz ölkələri faktiki olaraq neft bazarından sıxışdırılıb çıxarılıblar. Vəziyyət o həddə gəlib çatıb ki, Avropa ölkələri ABŞ-yə müraciət edirlər ki, Rusiya ilə danışıqlar apararaq, Rusiyanı dünya neft bazarına gətirmək üçün çalışsın”.
Politoloq qeyd edib ki, burada neft məsələsi ilə bağlı çox ciddi çaxnaşma yaranıb:
“Buna görə də, ABŞ bu məsələdə İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasını istəyir. Məqsəd daha çox dünya ölkəsini ətrafına toplayaraq, Hörmüz boğazında patrul əməliyyatlarını həyata keçirmək və həmin Hörmüz boğazının açılmasına nail olmaqdır. Əks halda, körfəz ölkələri ilə münasibətləri son dərəcə pisləşəcək. Çünki, ABŞ bu müddət ərzində həmin ölkələri qorumadı. Eyni zamanda onlar artıq dünya neft bazarına çıxışı itirdilər. Milyardlarla dollar itiriblər. Paralel şəkildə Avropa ölkələrinin yenidən Rusiyaya ehtiyacı yaranıb. Artıq Rusiya ilə barışmaq yolları axtarılır. Sanksiyaların ləğv edilməsi ilə bağlı çağırışlar edilir. Görünən odur ki, ABŞ çətin vəziyyətdədir. Ona görə də, beynəlxalq koalisiyanın yaradılmasına çalışır”.
Niyaz Hacıyev
Sfera.az
