ABŞ-dan çağırış: İran rəsmiləri haqqında məlumat verənlər mükafat alacaq

ABŞ Dövlət Departamenti İranın bir sıra yüksək rütbəli rəsmiləri haqqında məlumat verən şəxslər üçün mükafat elan edib.
Sfera.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” proqramı çərçivəsində paylaşılıb. Bildirilib ki, elan ABŞ-da yerləşən və “X” şirkətinə məxsus sosial media platformasında yayımlanıb.
Paylaşımda İranın yeni lideri Müctəba Xamenei ilə yanaşı Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Rəhbərlik İdarəsinin rəis müavini Əli Əsgər Hicazi, Rəhbərin müşaviri Yəhya Rəhim Səfəvi, daxili işlər naziri İskəndər Momeni və kəşfiyyat naziri İsmayıl Xətibin də fotoları yer alıb.
Qeyd olunub ki, sözügedən şəxslər haqqında məlumat təqdim edənlərə 10 milyon dollara qədər mükafat verilə bilər. ABŞ tərəfi bildirir ki, həmin şəxslər İran İnqilabı Keşikçiləri Korpusunun müxtəlif bölmələrinə rəhbərlik edən və ya onlara göstəriş verən fiqurlar hesab olunur.
Xatırladaq ki, ABŞ administrasiyası daha əvvəl İran İnqilabı Keşikçiləri Korpusunu “xarici terror təşkilatı” kimi tanıyıb.
Bundan əlavə, fevralın 28-də Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda İsrail və ABŞ-ın İrana hərbi hücum etdiyi bildirilib. İran isə buna cavab olaraq regionda müəyyən etdiyi hədəflərə zərbələr endirib.
İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 1348 nəfərə çatıb, yaralananların sayı isə 17 mini keçib.
Mənsumə
Sfera.az
