İran nə üçün Türkiyəni hədəf alır? - AÇIQLAMA

İran nə üçün Türkiyəni hədəf alır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın Türkiyəyə üçüncü dəfə raket atdığı bildirilir. Məlumata görə, bu səhər Adanada yerləşən İncirlik hava bazasına yönəlmiş İran raketi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

 

Raket Türkiyə hava məkanına yaxınlaşarkən gecə saatlarında Adananın bir çox bölgəsində hava hücumu sirenləri səslənib.

 

Belə olan halda İranın ötən günlərdə verdiyi açıqlamaların doğru olmadığını demək mümkündürmü? İranın bu kimi hücumlarda əsas məqsədi nədir?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazinin fikrinə əsasən, İranın məqsədli şəkildə Türkiyəyə ara-sıra raket zərbəsi həyata keçirməsi, çox güman ki, hücum məqsədi daşımır, Türkiyə daxil ABŞ və NATO bazalarına mesaj xarakteri daşıyır:

 

 

“Əlbəttə ki, bu raketli mesajlar Türkiyəni risk altına salır və hər an bu raketlərlə bağlı hansısa bir səhv nəticəsində mülki əhaliyə qarşı ciddi ziyan və itkilərə səbəb olma riskini artırır. Belə olan təqdirdə, Türkiyənin müharibəyə cəlb olunma ehtimalı da daha çox real görünə bilər. Adana yaxınlığında və xüsusilə İncirlik bazası ətrafında hava hücumu siqnalları verildikdən sonra, Türkiyə/NATO hava müdafiə sistemləri İran tərəfindən atılan raket hücumunun qarşısının alınması və atılan raketin zərərsizləşdirilməsi faktı deməyə əsas verir ki, bu dəfə də hadisə peşəkarlıq nəticəsində dəf olundu. Bu, artıq son günlərdə Türkiyə istiqamətində qeydə alınan bir neçə oxşar hadisədən biridir və əvvəlki hallarda da NATO sistemləri tərəfindən havada vurulub. İran isə “Türkiyəyə yönəlik raket atmamışıq” deyərək məsuliyyəti öz üzərindən atmaqla əməllərini davam edir”.

 

Ç.Şahbazi əlavə edib ki, əslində isə İranın məqsədi, daha çox ABŞ ilə bağlı obyektlərə və regiondakı hərbi bazalara yönəlik ziyan vurmaq təşəbbüsü olaraq ehtimal oluna bilər:

 

“Amma sonda raketlərin uçuş trayektoriyası Türkiyə hava məkanını pozduğu üçün Türkiyə bundan çox narahatdır və İran tərəfinə bir neçə dəfə məsələ ilə bağlı müraciət edib. İranın məsuliyyəti öz üzərindən atması müəyyən səbəblərdən doğur və Türkiyəyə hücum NATO birliyinə hücum olaraq qəbul edildiyindən, İran nəzəri olaraq müharibənin genişlənməsindən ehtiyatlanaraq bu hərəkətləri boynundan atmağa məcburdur. Türkiyə artıq bu istiqamətdə lazımi tədbirlər həyata keçirib və F-16-lar, digər hərbi texnika və sistemlər bir nömrəli vəziyyətə gətirilib. Rəsmi Ankara paralel olaraq həmçinin çalışır ki, İranın provokativ hərəkətlərindən yayınsın və ölkəsi hər hansı bir təhlükə ilə üz-üzə gəlməsin. Amma bütün bunlara baxmayaraq, əgər İran tərəfindən baza hücumlar həyata keçirilərsə, Türkiyə cavab zərbəsi verə bilər”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ