İran nə üçün BƏƏ-ni xüsusi hədəf alıb? - ŞƏRH

Məlumata görə, İran Körfəz regionunda ən çox raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarını Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirib.
İndiyədək bu ölkəyə ümumilikdə 1797 raket göndərildiyi bildirilib. Bundan əlavə, regionun digər ölkələri də hücumların hədəfi olub. Belə ki, 687 raket Küveytə, 285 raket Bəhreynə, 237 raket isə Qətərə yönəldilib. Bu rəqəmlər Körfəz ölkələrinin regiondakı təhlükəsizlik risklərinin nə qədər yüksək olduğunu göstərir.
Maraqlıdır, İranın məhz Birləşmiş Ərəb Əmirliklərinə bu qədər çox hücum etməsinin strateji səbəbi nədir?
Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Şakir Ağayevin sözlərinə görə, bu əməliyyatların demək olar ki, bütün Körfəz ölkələrini əhatə etməsinin əsas səbəbi həmin ərazilərdə ABŞ-nin hərbi bazalarının mövcudluğudur:

“Xüsusilə Qətərdə ABŞ-nin ən böyük hərbi bazası yerləşir. Digər ölkələrdə də Amerikanın hərbi infrastrukturunun olması İranın bu regionu hədəf seçməsinə səbəb olur. Artıq bu münaqişə sadəcə raketlərdən ibarət "isti müharibə" deyil. İran bu müharibəni həm də iqtisadi, logistik və hətta sığorta müharibəsinə çevirib. Bu ölkələrin iqtisadiyyatının 90%-i ABŞ ilə birgə investisiyalar üzərində qurulub. İranın zərbələri həm yerli iqtisadiyyata, həm də Amerikadan gələn kapitala ciddi ziyan vurur”.
Ekspert İranın nəyə görə məhz BƏƏ-yə bu qədər çox raket zərbəsi endirməsinin səbəbini də izah edib:
“İranın BƏƏ-ni, xüsusən də Dubayı hədəf almasının bir neçə xüsusi səbəbi var. Birincisi, burada ABŞ-nin və İsrailin çox böyük sərmayələri, ticarət əlaqələri və beynəlxalq şirkətləri cəmləşib. Bu şirkətlərin vurulması həm investorlar arasında narazılıq yaradır, həm də ABŞ iqtisadiyyatına birbaşa zərbə vurur, həm də həmin beynəlxalq şirkətlərin ABŞ-yə narazılıq etməsinə səbəb olur. Digər səbəb isə, Trampın birinci prezidentliyi dövründə BƏƏ-nin İsraillə "İbrahim sazişi"ni (Abraham Accords) imzalamasıdır ki, bunu İran hələ də bağışlamayıb. İranın əsas strategiyası Trampın iqtisadi planlarını sarsıtmaqdır. Trampın siyasətinin nüvəsini iqtisadiyyat, neft, pul və dünyanın enerji strukturlarına nəzarət təşkil edir. İran bu sahələrə zərbə vurmaqla Trampı İran üzərinə hücumları dayandırmağa və qoyduğu şərtlərdən geri çəkilməyə məcbur etmək istəyir”.
Bəsti Rəfizadə
Sfera.az
