İran müharibənin bitmə vaxtını açıqladı

İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurmanın martın 21-də qeyd olunan Novruz bayramına qədər başa çata biləcəyini bildirib.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, rəqib tərəflər uzunmüddətli müharibəni davam etdirmək gücünə malik deyil və əməliyyatların indiki templə davam etməsi bu münaqişənin qısa müddətdə yekunlaşmasına səbəb ola bilər:
“Düşünürəm ki, bu müharibə Novruzdan əvvəl bitəcək. ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməzlər. Əgər əməliyyatların davamlılığını qoruya bilsək, onlar bunu uzun müddət davam etdirə bilməyəcəklər”.
Xatırladaq ki, fevralın 28-də Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla ölkənin bir sıra böyük şəhərləri hədəfə alınıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib.
Qarşıdurma çərçivəsində regionda yerləşən bəzi ölkələrdə də hədəflər vurulub.
Bəsti Rəfizadə
Sfera.az
