İran birbaşa ABŞ-ni hədəf alacaq? - Şəkarçidən SƏRT MESAJ

İranda mülki şəxslərin ölümü və yaşayış binalarına edilən hücumlara görə ABŞ və İsraildən qisas alınacağı bildirilib. Bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkarçi açıqlama verib.
O bildirib ki, ölkənin müxtəlif şəhərlərində baş verən hücumlar nəticəsində mülki əhali arasında itkilərin olması və yaşayış binalarının hədəfə alınması cavabsız qalmayacaq. Şəkarçinin sözlərinə görə, İran bu hücumlara görə məsul hesab etdiyi tərəflərə qarşı cavab tədbirləri görəcək.
“İran xalqına və mülki infrastruktura qarşı edilən hücumlar cavabsız qalmayacaq. ABŞ və İsrail bu addımlarına görə cavab verəcəklər və onlara ölümcül zərbələr endiriləcək”, - deyə o vurğulayıb.
Şəkarçi həmçinin qeyd edib ki, regionda gərginliyin artmasına səbəb olan hücumlar Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Buna baxmayaraq, İran tərəfi öz maraqlarını və təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atacağını bildirib.
Maraqlıdır, İranın ölümcül zərbə xəbərdarlığı nə anlama gəlir? ABŞ-də də mülki obyektlər hədəf alına və təxribatlar törədilə bilərmi?
Məsələ ilə bağlı politloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, İran ABŞ-də təxribat törətmək gücünə malik deyil:

“ABŞ-nin vurulması üçün, yəni birbaşa ABŞ-yə zərbə endirmək üçün İrana xeyli sayda güclü silahlar, uzaqmənzilli raketlər lazımdır. İran bu raketləri uzun müddətdir ki, istehsal edir, və birbaşa ABŞ-yə zərbə endirmək imkanlarını inkişaf etdirir. Ancaq hələ tam o səviyyəyə çatmayıb ki, ABŞ-yə birbaşa zərbə endirə bilsin. Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ şəhərləri raketdən müdafiə sistemləri ilə çox ciddi şəkildə qorunur. Belə qorunan şəhərlərə qarşı İranın hücum etməsi və hədəfi dəqiq vurması çox da inandırıcı görünmür”.
Politoloq böyük ehtimalla İranın ABŞ gəmilərinə hücumları daha da artıra biləcəyini qeyd edib:
“Eyni zamanda ABŞ-nin regiondakı hərbi bazalarına yenidən hücumlar təşkil edə bilər və müxtəlif səviyyəli əməliyyatlar həyata keçirə bilər. Tək özü yox, proksilərinin vasitəsilə də müəyyən əməliyyatlar həyata keçirə bilər. Məsələn, Hizbullah və Ənsurullah, yəni husilər vasitəsilə, həmçinin dənizlərdə ABŞ bayrağı altında üzən gəmilərə hücumlar edə bilərlər. Bütün bunlarla yanaşı, yenə də istisna deyil ki, İran birbaşa ABŞ-yə zərbə endirmək istəməsin. Çünki verilən açıqlamalardan da məlum olur ki, belə bir niyyət var. Yəni birbaşa ABŞ-yə zərbə endirilməsi müharibəni daha da alovlandıra bilər və bu, Donald Trampı pis vəziyyətdə qoya bilər. Əgər zərbələr hədəfə çatsa və böyük dağıntılara səbəb olsa, bu, ABŞ-də insanların panikaya düşməsinə səbəb olacaq və Donald Trampın imicinə olduqca mənfi təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, qarşıdan Konqres seçkiləri gəlir və hazırda hakimiyyətdə olan Respublikaçılar Partiyasının çox ciddi problemləri var. Yəni müxalifətdə olan demokratların nüfuzu seçkilər ərəfəsində kifayət qədər yüksəkdir. Bu vəziyyət Trampın seçkiləri uduzmasına gətirib çıxara bilər. Tramp əgər seçkiləri uduzarsa, siyasi terminlə desək, “topal ördək” vəziyyətinə düşəcək. Yəni Konqresdən heç bir qanunu keçirə bilməyəcək. Çünki bilirsiniz ki, ABŞ-də prezident təkbaşına qərar qəbul edə bilmir. İstənilən qərarın, hətta adi təyinatların belə Konqresin təsdiqinə ehtiyacı var. Bu isə çox ciddi problemlər yarada bilər. Buna görə maksimum şəkildə çalışmalıdırlar ki, bu kimi hallar baş verməsin”.
Bəsti Rəfizadə
Sfera.az
