ABŞ İranın şərtlərini qəbul edəcək? - ŞƏRH

İran ABŞ ilə danışıqlar prosesinin yenidən başlanması üçün Vaşinqtona bir sıra şərtlər təqdim edib.
Məlumata görə, Tehranın irəli sürdüyü şərtlər arasında İslam Respublikasına qarşı hücumların dayandırılmasına dair zəmanətlər, dəymiş ziyana görə kompensasiya ödənilməsi və İranın nüvə yanacağı dövranını həyata keçirməsinə imkan verilməsi yer alır.
ABŞ İranın bu şərtləri ilə hansı halda razılaşa bilər?
Siyasi şərhçi Elnur Ənvəroğlu Sfera.az-a açıqlamasında bildirib ki, sualın cavabına bu gün İran və ABŞ-nin hansı mövqedə dayandığını izah etməklə başlamaq olar:

“Bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən şiddətli hücumlar nəticəsində o qədər strateji hədəfləri sıradan çıxardı ki, bir çox analitiklər bir anlıq İranın parçalanacağı ehtimalını belə irəli sürdülər. Bu isə psixoloji baxımdan Qərb cəbhəsinə ani motivasiya verdi. Lakin bunun qarşılığında İrandan tamamilə fərqli və gözlənilməz bir reaksiya meydana çıxdı. Hazırda tərəflər arasında güc və imkanlar nisbəti müəyyən mənada dəyişməkdədir. ABŞ müharibənin daha da genişlənməsinin qarşısını almağa çalışdığı halda, regionda eskalasiyanın Vaşinqton üçün strateji riskə çevrilməsi ehtimalı da mövcuddur. Məsələn, Fars körfəzində enerji nəqlinin təhlükə altına düşməsi, ABŞ bazaları və müttəfiqlərinin ardıcıl hücumlara məruz qalması, eləcə də qlobal enerji qiymətlərinin kəskin artması belə bir riski yarada bilər. Bu kimi hallarda Vaşinqton gərginliyi azaltmaq üçün diplomatik kompromisə getməyə üstünlük verə bilər”.
E.Ənvəroğlu qeyd edib ki, paralel olaraq, hücumların dayandırılması ilə bağlı dolayı təhlükəsizlik zəmanətləri də gündəmə gələ bilər:
“Lakin bunların rəsmi “təhlükəsizlik təminatı” kimi deyil, daha çox regional razılaşma və ya atəşkəs mexanizmi çərçivəsində təqdim olunması ehtimalı daha yüksəkdir. Kompensasiya məsələsinə gəldikdə isə, Vaşinqtonun birbaşa təzminat ödəməsi siyasi baxımdan olduqca çətin görünür. ABŞ-nin daxili siyasətində belə bir addım ciddi tənqidlərə səbəb ola bilər. Təsəvvür edin ki, Trampın əsas məqsədlərindən biri hakimiyyəti devirmək idi və bu istiqamətdə milyardlarla vəsait xərclənib. Belə bir vəziyyətdə həmin hakimiyyətə əlavə olaraq təzminat ödənilməsi siyasi baxımdan izahı çətin bir addım olardı. Bu səbəbdən mümkün kompromis daha çox dolayı mexanizmlər vasitəsilə həyata keçirilə bilər. Məsələn, İranın dondurulmuş aktivlərinin mərhələli şəkildə azad edilməsi, sanksiyaların qismən yumşaldılması, humanitar və iqtisadi proqramlar vasitəsilə dolayı maliyyə axınlarının yaradılması kimi imkanlar Tehran üçün müəyyən kompensasiya effekti yarada bilər”.
Fidan Hacızadə
Sfera.az
