Tramp-Putin danışığının PƏRDƏARXASI MƏQAMLARI

Vladimir Putin ilə Donald Tramp arasında İran ətrafında yaranmış gərgin vəziyyətlə bağlı telefon danışığı baş tutub. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla təxminən bir saat davam edən telefon danışığı aparıb. Danışıq zamanı tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti, xüsusilə İran ətrafında yaranmış böhranı və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Dmitri Peskov qeyd edib ki, Vladimir Putin söhbət zamanı İran böhranının həlli ilə bağlı Moskvanın hazırladığı müəyyən təklifləri ABŞ tərəfinə təqdim edib. Bununla belə, Kremlin nümayəndəsi həmin təkliflərin detalları barədə ictimaiyyətə məlumat verilmədiyini vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr diplomatik kanallar vasitəsilə davam etdirilə bilər.
Maraqlıdır, Putin hansı təklifləri irəli sürə bilər? Rusiya bu prosesdə öz maraqlarına xidmət edən təkliflər irəli sürmüş ola bilərmi? İddialar var ki, ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşalda bilər. Məhz bu kontekstdə tərəflər arasında danışıqlar aparılıbmı?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Abutalıb Səmədovun sözlərinə əsasən, Rusiya prezidentinin ABŞ-ni qane edəcək təklif irəli sürməsi qeyri-mümkündür. “Trampın İrandan tələbləri məlumdur”,- deyən ekspert bu tələblərin İran tərəfindən qətiyyətlə rədd edildiyinin də məlum olduğunu və məhz hərbi əməliyyatların başlama səbəbinin bu olduğunu qeyd edib:

“Bu şəraitdə İran hakimiyyətinin mövqeyini kəskin şəkildə dəyişəcək təklifin ortaya çıxması qeyri-mümkündür. Putinin yardım təklifinə ABŞ-nin soyuq yanaşmasının səbəbi də budur. Baxmayaraq ki, Tramp inanır ki, artıq İran məğlubiyyətə uğrayıb və istədikləri artıq görülüb. Ancaq Trampın hərbi əməliyyatlar ərəfəsində ortaya qoyduğu tələblərin heç biri qəbul olunmayıb və bu gedişlə yəqin ki, olunmayacaq. Deməli, mütləq quru əməliyyatına ehtiyac ola bilər və bundan da ABŞ çox çəkinir”.
Politoloq Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda müəyyən yumşalmaların olduğunu da vurğulayıb:
“Məsələn, Hindistana bir ay ərzində Rusiya neftini almaq üçün razılıq verilib və bu sanksiyaların hətta götürülməsi ehtimalı barədə də Tramp bəyanat verib. O, həmçinin deyib ki, ola bilər gələcəkdə götürülən sanksiyalar bir daha geri qayıtmasın. Hələlik bu addımlar neftin bahalaşmasının qarşısını almağa yönəlib. Bahalaşma isə Hörmüz boğazının bağlanması ilə bağlıdır. Rusiya bu boğazın açılmasına yardım edə bilərmi? Təbii ki, edə bilməz. Çünki bu, İranın əsas təzyiq rıçaqlarından və vasitələrindən biridir. Bir sözlə, indiki şəraitdə nə Rusiya, nə də hər hansı bir dövlət İranı öz mövqeyindən çəkindirə bilər. ABŞ-nin geri çəkilməsi də qeyri-mümkündür. Çünki bu, böyük məğlubiyyət kimi qiymətləndiriləcək və öz nəticəsini ilin sonunda keçiriləcək seçkilərdə göstərəcək. Əməliyyatların davam etməsindən başqa variant hələlik yoxdur və davam edən əməliyyatlar hansısa nəticəyə gətirib çıxaracaqmı, tərəflər bu vəziyyətdən çıxa biləcəklərmi, bunu yaxın günlər göstərəcək”.
Bəsti Rəfizadə
Sfera.az
