İrana qarşı aparılan müharibə bitdi? - PROQNOZ

İrana qarşı aparılan müharibə bitdi? - PROQNOZ
Kateqoriya məlum deyil
T

İsrail ordusu İranda yerləşən hərbi qərargahlar və istehsal müəssisələrinə endirilən güclü zərbələr dalğasının başa çatdığını açıqlayıb.

 

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp da İrana qarşı müharibənin tezliklə bitə biləcəyini bildirib.

 

Bu bəyanatlar İrana qarşı daha ağır və genişmiqyaslı zərbələrin ola biləcəyi ehtimalını gündəmə gətirirmi? Yoxsa tərəflərin açıqlamaları həqiqətən də müharibənin başa çatmağa yaxınlaşdığını göstərir?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, İsrail ordusunun İrandakı hərbi qərargahlar və istehsal obyektlərinə endirilən zərbələrin “tamamlandığını” bəyan etməsi hər zaman müharibənin bitməsi anlamına gəlmir:

 

 

“Hərbi praktikada bu cür açıqlamalar çox vaxt müəyyən əməliyyat mərhələsinin başa çatdığını göstərir, lakin daha geniş strategiyanın davam edə biləcəyi ehtimalını da saxlayır. Bu səbəbdən belə bəyanatlar bəzən qarşı tərəfi psixoloji təzyiq altında saxlamaq və yeni mərhələyə hazırlıq üçün informasiya fonu yaratmaq məqsədi daşıya bilər. Digər tərəfdən, İsrailin İranın hərbi infrastrukturuna zərbələr endirməsi onun regiondakı təhlükəsizlik strategiyasının bir hissəsidir və bu strategiya yalnız bir neçə hava zərbəsi ilə yekunlaşan proses deyil. Ona görə də bu açıqlamalar həm taktiki fasilə, həm də daha geniş əməliyyatların ehtimalı kimi qiymətləndirilə bilər”.

 

Politoloq ABŞ Prezidenti Donald Trampın müharibənin tezliklə bitə biləcəyi barədə açıqlamasının isə daha çox siyasi mesaj kimi göründüyünü əlavə edib:

 

“Belə bəyanatlar bəzən tərəfləri danışıqlara sövq etmək və beynəlxalq ictimaiyyətə gərginliyin idarə olunduğu mesajını vermək məqsədi daşıyır. Lakin ABŞ, İsrail və İran arasında mövcud olan strateji qarşıdurma yalnız hərbi epizodlarla məhdudlaşmır və nüvə proqramı, regional təsir uğrunda mübarizə kimi daha dərin səbəblərə əsaslanır. Buna görə də müharibənin yaxın vaxtda tam şəkildə bitməsi ehtimalı ehtiyatla qiymətləndirilməlidir. Daha real ssenari gərginliyin müəyyən müddət azalması, lakin qarşıdurmanın siyasi və təhlükəsizlik müstəvisində davam etməsidir”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ