Prezident Fransua Ollandın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib - YENİLƏNİB - FOTO
Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları şam yeməyində çıxış etdilər.
Prezident Fransua Ollandın çıxışı
-Cənab Prezident.
Cənab Nazirlər.
Hörmətli deputatlar.
Hörmətli xanımlar və cənablar.
Mən Sizi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimiz bir dönəmdə qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanımışdır. Beləliklə, həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Əslində mən "bərpa olunmuş müstəqilliyini" sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən olmuşdur.
Əslində xalqlarımız arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir. Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırmışdır. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlamışlar.
Daha sonra Fransanın qədim tarixə malik olan şərqşünaslıq ənənəsi bizi mədəniyyət sahəsində də yaxınlaşdırmışdır. Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur "Şərq kitabxanası" əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıtmışdır. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olmuşdur. Artıq o vaxtdan ölkələrimiz arasında möhkəm əlaqələr qurulmuşdur və mən münasibətlərimizin istisnasız hər bir mövzuya toxunmağa imkan verən səmimiliyini və açıqlığını çox qiymətləndirirəm.
Cənab Prezident, Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda uğurla nəticələnsin. Fransa karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən biridir. Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram.
Cənab Prezident, hörmətli birinci xanım, Fransanın bir çox şirkətləri Sizin ölkənin nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar. Bildiyimə görə, Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanmışdır.
Cənab Prezident, mən Sizin ölkənizə səfər etmişəm. Biz 2016-cı ilin sentyabr ayında açılan Azərbaycan-Fransız Universitetinin uğurundan qürur hissi duyuruq. Universitetin artıq 150 tələbəsi var. Mən Sizə bu layihənin reallaşmasına verdiyiniz şəxsi dəstəyinizə görə təşəkkür etmək istərdim. Bu, təhsilə və ölkənizdə 50 minə yaxın şagirdə tədris edilən və 3-cü xarici dil olan fransız dilinin geniş yayılmasına Sizin verdiyiniz əhəmiyyəti bir daha göstərir.
Mən, həmçinin Fransanın və Azərbaycanın regionlarıarasında sayı get-gedə artan əməkdaşlıq proqramlarında iştirak edən rayon icra başçılarını və deputatları da alqışlamaq istərdim.
Mən nitqimi sülhün və sabitliyin vacibliyini qeyd edərək bitirmək istərdim. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatmışdır. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməmişlər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmamışdır.
Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır.
Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Cənab Prezident, ilk növbədə məni Fransaya rəsmi səfərə dəvət
etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.
Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərimiz artıq ənənəyə çevrilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam. Siz, cənab Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz. Qarşılılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Aramızda çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə təsadüf etməsindən olduqca məmnunam.
Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.
Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Humanitar sahədə də əməkdaşlığımız çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır.
Fransa ilə Azərbaycanın regionları arasında da əməkdaşlıq inkişaf edir. Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında müvafiq sənədlər imzalanmışdır.
Hörmətli cənab Prezident, dəvətə və göstərdiyiniz yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.
----------
07:01
Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları şam yeməyində çıxış etdilər.