İlham Əliyev: "Status-kvo qəbuledilməzdir - Digər həmsədrlər kimi, Fransa da bu barədə dəfərlərlə bəyanatlar verib"

İlham Əliyev:

Martın 14-də Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev çıxışında qeyd edib:

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə məni Fransaya rəsmi səfərə dəvət

etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlərimiz artıq ənənəyə çevrilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam. Siz, cənab Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz. Qarşılılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Aramızda çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə təsadüf etməsindən olduqca məmnunam.

Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.

Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Humanitar sahədə də əməkdaşlığımız çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır.

Fransa ilə Azərbaycanın regionları arasında da əməkdaşlıq inkişaf edir. Azərbaycanın 14 şəhəri ilə Fransanın 12 şəhəri və 1 vilayəti arasında müvafiq sənədlər imzalanmışdır.

Hörmətli cənab Prezident, dəvətə və göstərdiyiniz yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.


OXŞAR XƏBƏRLƏR

Bosfor boğazından gəmilərin keçidi dayandırıldı

Rusiyaya gedən tankerdə nasazlıq səbəbindən Bosfordan gəmilərin hər iki istiqamətdə tranziti müvəqqəti olaraq dayandırılıb.   Sfera.az xəbər verir ki...

Balaəli məhkəməyə verildi - 6 aydan 1 ilə qədər...

Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.   Sfera.az xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin...

Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirildi

Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Maldiv Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərdi

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.   Sfera.az xəbər verir ki, məktubd...

Öldüyü deyilən Zaqatala sakini ailəsinə zəng etdi - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala sakininin sağ olduğu məlum olub.   Sfera.az xəbər verir ki, Zaqat...

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir

Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.   Sfera.az xəbər verir ki, bu...