İran prezidenti alçaldıcı şərtlərdən danışdı - O, nəyi nəzərdə tutur?

İran prezidenti alçaldıcı şərtlərdən danışdı - O, nəyi nəzərdə tutur?
Kateqoriya məlum deyil
T

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlar üçün irəli sürdüyü şərtləri qəbul etmədiklərini bəyan edib. Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında danışıqlar aparılırdı və İran razılaşmaya hazır idi. Lakin ABŞ-nin müharibəyə başlaması bu prosesi pozdu.

 

Pezeşkian bildirib ki, hazırda Amerika tərəfi danışıqların bərpası üçün alçaldıcı şərtlər irəli sürür və o, şəxsən bu cür şərtləri qəbul etməyə hazır deyil.  Prezident vurğulayıb ki, İran rüsvayçılığa boyun əyməyəcək və zəif, parçalanmış ölkə modelini qəbul etmir.

 

Pezeşkian alçaldıcı şərtlər dedikdə nəyi nəzərdə tutur? Tramp danışıqlarda güzəştə gedəcəkmi?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan İranın ABŞ ilə danışıqlarının nəticəsiz qalmasının əsas səbəbinin ölkə daxilində dərin hakimiyyət böhranının mövcudluğu ilə izah oluna biləcəyini deyib. Onun sözlərinə görə, rəsmi Tehranda demək olar ki, dövlət iki və ya daha çox siyasi dairə tərəfindən idarə olunur:

 

"Ali dini liderin çevrəsi və prezident Pezeşkianın komandası arasında dərin ziddiyyətlər mövcuddur. Bu uyğunsuzluq təzahür etdirilməməyə çalışılsa da belə məsələlərdə özünü göstərir. Əslində Prezident mühafizəkar dairənin təsiri ilə bu cür açıqlamalara bir növ məcbur edilir. Əks halda onu ABŞ və İsrailə satqınlıqda belə ittiham edə bilərlər. Ali dini liderin bəzən prezident haqqında müsbət fikirlər ifadə etməsi də dərindəki təzadları gizlətmək məqsədi daşıyır”.

 

T.İrfan ABŞ-nin danışıqlar üçün irəli sürdüyü şərtlərin alçaldıcı olmasının siyasi populizmə bənzədiyini əlavə edib:

 

“Danışığa getmək üçün şərtlərin ağırlığı problem olmamalıdır və məhz bu kimi məsələlər elə danışıq əsasında da yumşaldıla bilər. Lakin bu açıqlama birbaşa danışıqlardan imtina üçün daha çox bəhanəyə bənzəyir. Çünki Ali dini liderin ABŞ-yə qarşı mövqeyi çox sərt və barışmazdır. Təbii ki, Prezident açıq şəkildə ona qarşı çıxış edə bilməz. Əgər danışıqlardan tam imtina edilməsə ABŞ-nin şərtləri dəyişə biləcəyi də istisna deyil. İlkin şərtlərdə nüvə silahından imtina və sair bəndlər var ki, İran belə halda razılaşarsa beynəlxalq nüfuzuna xələl gələcəyini düşünür. Ancaq danışıqların baş tutmamasından bəhanə kimi yararlanaraq hərbi müdaxilə tərəfdarı olan İsrail üçün də bu maraqlıdır. Bu da mümkündür ki, hakimiyyətdəki yumşaq qanad danışıqdan imtina etməklə xarici hərbi müdaxilədə və rejimin dəyişməsində maraqlı olsun”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ