Uzun ittihamlar, qısa həbs: Azadlığa tez çıxan YÜKSƏK VƏZİFƏLİLƏR - SİYAHI

Uzun ittihamlar, qısa həbs: Azadlığa tez çıxan YÜKSƏK VƏZİFƏLİLƏR - SİYAHI
Kateqoriya məlum deyil
T

 

Son illər Azərbaycanda korrupsiya, vəzifə səlahiyyətlərini sui-istifadə, dövlət vəsaitlərini mənimsəmə kimi ittihamlarla yüksək vəzifəli şəxslər, icra hakimiyyətləri başçıları və digər məmurlar geniş şəkildə mühakimə olunub.

 

Lakin bir qismi məhkəmə hökmü və ya uzun həbs müddətindən sonra müxtəlif mexanizmlər – prezidentin əfv sərəncamı, cəzanın qalan hissəsinin bağışlanması, apellyasiya məhkəməsi qərarları və s. ilə azadlığa buraxılıb.

 

Sfera.az Azərbaycanda həbs edilən sonra isə nisbətən az həbs müddəti çəkib azadlığa çıxmış yüksək vəzifəli şəxsləri araşdırıb.

 

Fərhad Əliyev – sabiq iqtisadi inkişaf naziri

 

 

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində sabiq nazir Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib və bununla da vəzifəsindən azad olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə  korrupsiya və digər ağır ittihamlar nəticəsində 10 il müddətinə azadlıqdan məhrum edilib. F.Əliyev Prezidentin 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Hazırda öz biznesi ilə məşğuldur, xüsusən Sumqayıt Kimya Sənaye Parkında "Alco" MMC adlı şirkəti var, burada sürtkü yağları istehsa edilir.

 

 Rəhim Qazıyev – sabiq müdafiə naziri (4 ay)

 

 

1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsində çalışıb. Fəaliyyəti dövründə Şuşa və Laçın rayonları işğal edilib. 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. O, bundan sonra da 2017-ci ildə 10 günlük inzibati həbs cəzası alıb və 2020-ci ilin iyulunda Cinayət Məcəlləsinin Dövlət əleyhinə yönələn açıq çağırışlar və Təxribat maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edilməklə 4 sentyabrda ev dustaqlığına buraxılıb.

 

Surət Hüseynov – keçmiş baş nazir (5 il)

 

 

1994-cü il oktyabrın 2-də, Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərilib, Mahir Cavadovun rəhbərliyi ilə XTPD-nin əməkdaşları və digər silahlı şəxslər respublika prokurorluğuna silahlı basqın ediblər, vəzifəli şəxslər barədə zorakılıq tətbiq edib, prokurorluğun işini pozub, dövlət əmlakına ziyan vurublar. İddiaya görə, Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışıblar. Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. 31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib.

 

Akif Muradverdiyev – sabiq Prezidentin İşlər İdarəsinin müdiri ( 6 il)

 

 

Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt – 2005-ci ilin oktyabrında tutulub. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz edib. 2013-cü ildə isə qaçaqmalçılıqda ittihamla 4 il həbsə məhkum olunan A.Muradverdiyev 2016-cı ilin martında əfv sərəncamı ilə sərbəst buraxılıb.

 

Rafiq Bayramov – sabiq mədəniyyət nazirinin müavini (3 il)

 

 

R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. 2021-ci ilin oktyabrında Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. O, 2023-cü ildə Prezidentin əfv sərəncamına əsasən azalığa buraxılıb.

 

Rayon icra hakimiyyəti başçıları və regional məmurlar

 

Son illərdə bölgələrdə vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət ittihamları ilə bir sıra icra hakimiyyəti başçıları və şöbə müdirləri həbs olunub. Bir neçəsi sonradan cəza müddəti azaldılaraq və ya şərti azadlıqla buraxılıb:

 

Ceyhun Cəfərov – Kürdəmir İH başçısı (5 il)

 

 

Ceyhun Cəfərov 2020-ci ilin avqust ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilkin 8 il 6 ay azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə endirilib. Ali Məhkəmə isə Ceyhun Cəfərovun cəzasını azaldaraq üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası saxlayıb. Sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. 2025-ci ildə sərbəst buraxılıb.

 

Qoca Səmədov – Yevlax İH başçısı ( 4 il)

 

 

2019-cu il dekabrın 19-da Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini "otkat" şəklində geri almaqda günahlandırılıb. DTX-nın həbslə bağlı yaydığı məlumata görə, sabiq icra başçısı 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib. Hətta şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında icra strukturlarından yığılan pulun da bir hissəsini ələ keçirib. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinib. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. 2023-cü ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.

 

Firuzə Əliyeva

Sfera.az
 

PAYLAŞ