“Azərbaycanın qətiyyəti Minsk qrupunu tarixə çevirdi” – Vaqif Abdullayev

“Prezident İlham Əliyevin qətiyyəti nəticəsində ATƏT-in Minsk qrupu və əlaqəli bütün strukturlar ləğv olunub”.
Sfera.az xəbər verir ki, bu sözləri keçmiş deputat, siyasi elmlər doktoru Vaqif Abdullayev bildirib.
O vurğulayıb ki, de-fakto fəaliyyət göstərməyən Minsk qrupunun mövcudluğu Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə mane olurdu və beynəlxalq ictimaiyyətdə münaqişənin hələ də həll edilmədiyi təəssüratı yaradırdı.
“Strukturların bağlanması ilə bu məsələ beynəlxalq gündəlikdən tamamilə çıxarılıb. Bu, Azərbaycanın diplomatik uğurudur. Prosesin növbəti mərhələsi Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması olmalıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən sülh müqaviləsi imzalanmayacaq”.
V.Abdullayev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Konstitusiyanın preambulasının sülhə maneə yaratdığını etiraf edib və yeni Konstitusiya layihəsinin hazırlanmasının istisna olmadığını vurğulayıb.
“Ermənistanın Ədliyyə naziri Srbui Qalyan isə bildirib ki, yeni Konstitusiya mətni 2026-cı ilin martına qədər hazır olacaq. Avropa İttifaqı da Azərbaycanın mövqeyini dəstəkləyir. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Brüssel Azərbaycan və Ermənistan arasında sülhün təmin olunacağına inanır və Ermənistanın Azərbaycanın sülh planını qəbul etməsi zəruridir”.
Sabiq deputat qeyd edib ki, Azərbaycan Minsk qrupunu tarixin arxivinə göndərdiyi kimi, Ermənistanın Konstitusiya dəyişikliklərini də beynəlxalq səviyyədə legitimləşdirir.
“Bir sözlə, Azərbaycanın diplomatik qətiyyəti və inadı bütün tərəfləri və tələbləri gerçəkliklə barışmağa məcbur edir”.
Bəsti Rəfizadə
Sfera.az
