Vaşinqtonun mövqeyi sərtdir – Ukrayna sülh şərtlərini qəbul edəcək?

Vaşinqtonun mövqeyi sərtdir – Ukrayna sülh şərtlərini qəbul edəcək?
Kateqoriya məlum deyil
T

Florida ştatının Mayami şəhərində ABŞ və Ukrayna nümayəndə heyətlərinin keçirdiyi görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa iclası “məzmunlu və hazırkı mərhələdə konstruktiv” adlandırıb.

 

ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər “dil tapa biliblər”. Hər iki tərəfdən səslənən bu müsbət mesajlar sülh prosesinin irəlilədiyi təsəvvürünü yaratsa da, politoloqlar vəziyyətin göründüyü qədər sadə olmadığını deyirlər.

 

Bu haqda Sfera.az-a açıqlama verən politoloq Əziz Əlibəylinin sözlərinə görə, Vaşinqtonun mövqeyi getdikcə daha aydın olur və proses Ukraynanın geri addım atması istiqamətində formalaşır:

 

 

“ABŞ-nin təzyiqi ilə Ukraynanın sülh şərtlərini qəbul etməsinə doğru gedir proses. Hətta Zelenskinin istefaya razı salınması ilə bağlı informasiyalar dolaşır. Böyük ehtimalla yanvarın 1-i üçün bu istefa reallaşa bilər. ABŞ ilə Rusiya arasında siyasi alver predmetinə çevrilən isə Ukraynanın taleyi və torpaqlarıdır”.

 

Ekspert Moskvanın işğal etdiyi ərazilərdən tamamilə çıxmayacağının artıq real göründüyünü qeyd edib:

 

“Rusiya işğal etdiyi ərazilərdən çıxmayacaq və bufer zona adlanan, həm işğal, həm də Ukrayna ordusunun nəzarətində olan bölgələrin ortaq şəkildə istismarı gündəmə gətirilir. Bu, Ukraynanın böyük itkiləri bahasına formalaşan bir prosesdir”.

 

Ə.Əlibəyli əlavə edib ki, proses yalnız Trampın 28 maddəlik planı ilə yekunlaşmayacaq:

 

“Avropa ölkələrinin 19 maddəlik planı da masadadır. Böyük ehtimalla hər iki sənədin ortaq nöqtələrinə uyğun bir yol xəritəsi hazırlanacaq. ABŞ istəyir ki, Avropa da məsuliyyəti üzərinə götürsün. Çünki həm yenidənqurma, həm də sülh mexanizmləri ciddi maliyyə tələb edir”.

 

Mövzunu şərh edən politoloq Zaur Məmmədov isə görüşdən sonra yayılan nikbin mesajların reallığı əks etdirə bilməyəcyinə diqqət çəkib:

 

 

“Onların hər iki tərəfdən müsbət fikirlər səsləndirməsi o demək deyil ki, görüşdə nəticə əldə olunub və yaxud oluna bilər. ABŞ-nin mövqeyi məlumdur. Ukraynanın müəyyən ərazilər üzrə güzəştə getməsi. Ukrayna hakimiyyəti isə bununla razı deyil. Əsas məsələ budur”.

 

Z.Məmmədov təhlükəsizlik məsələləri üzrə müəyyən yaxınlaşmaların mümkün olduğunu bildirib:

 

“ABŞ bəzi təhlükəsizlik məsələlərini nəzərə alaraq, Vitkoff vasitəsilə Ukraynanın şərtlərini Rusiyada səsləndirə bilər. Bağlı qapılar arxasında bu məsələdə qismən yaxınlaşma əldə olunması mümkündür. Ukrayna danışıqları uzatmaqla mövqeyini gücləndirməyə çalışır. Ukrayna tərəfi birbaşa yox demir, vaxtı uzadaraq vəziyyətin öz lehinə dəyişməsini istəyir. Burada prinsipiallığı Avropa nümayiş etdirməlidir, əks halda Zelenski tək qalacaq”.

 

Politoloq böyük güclər arasında müəyyən razılaşmaların artıq formalaşdığı ehtimalının da yüksək olduğunu vurğulayıb:

 

“Düşünürəm ki, bağlı qapılar arxasında Tramp və Putin arasında müəyyən razılaşma əldə edilib. Onlar həmin yol xəritəsi üzərində öz siyasətlərini davam etdirəcəklər”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ