"Onlar Zelenskini buna məcbur etmək istəyirlər" - AÇIQLAMA

Fransız siyasətçi və publisist, keçmiş gənclər, milli təhsil və tədqiqat naziri (2002-2004) Lük Ferri bildirib ki, əgər Avropa ölkələri Ukrayna münaqişəsini həll edə bilməsələr və Rusiya ilə sülh razılaşması əldə etməsələr, bu onları birbaşa münaqişəyə yaxınlaşdıra bilər.
Bu vəziyyətdə hansı siyasi və diplomatik addımların atılmaması Avropanı təhlükəyə sürükləyə bilər və bunun ən real nəticələri nə ola bilər? Eyni zamanda, Avropanın Rusiyaya niyə güzəştə getmədiyi də diqqət mərkəzindədir...
Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, Avropa ölkələri ABŞ-nin bu müharibədən qazanclı çıxmaq istəyi ilə barışmaq niyyətində deyillər. Onun sözlərinə görə, onlar düşünürlər ki, İkinci Dünya Müharibəsi yenidən təşkil oluna bilər:

“Tarixdən məlumdur ki, İkinci Dünya Müharibəsinin sonuna 2 ay qalmış ABŞ əməliyyatlara qoşulmuşdu. Sonda isə qaliblər masasında əyləşmişdi. SSRİ ilə bərabər, bu müharibədən ən çox qazanclı çıxan ölkə olmuşdu. Ona görə də, bu cür güzəştlərə getmək fikrində deyillər. Tramp planına qarşı, onların da 24 bənddən ibarət öz sülh planı hazırlanıb”.
Politoloq vurğulayıb ki, nazirin dediklərində müəyyən qədər həqiqi çalarlar çoxdur və Rusiya ilə Avropa ölkələrinin birbaşa savaşa girəcəyini düşünmür:
“Sadəcə olaraq, onlar bu savaşdan müəyyən dərəcədə qazanc əldə etmək məqsədilə bu cür addımlar atıb, Volodimir Zelenskini məcbur etmək istəyirlər. Görünən odur ki, Ukrayna prezidenti iki od arasında qalıb. Bir tərəfdə Amerika, digər tərəfdə isə Avropanın digər ölkələri dayanıb”.
Müsahibimiz qeyd edib ki, proseslərin sonunda dünyanın əsas supergüc liderinin hazırladığı sülh planı keçərli olacaq:
“Çünki Avropa İttifaqına üzv ölkələr, NATO-ya üzv ölkələr yaxşı bilirlər ki, ABŞ-siz Avropa mümkün deyil. Əgər onlar arasında soyuq küləklər daha çox əsərsə, bundan Putin istifadə edəcək. Rusiya və ABŞ-nin yaxınlaşması isə dünyanın fəlakəti ola bilər. Bir çox ölkələrin faktiki olaraq dövlət müstəqilliklərinin təhlükə altına düşməsinə səbəb ola bilər. Burada təkcə, ABŞ və Rusiya birliyindən söhbət getməyəcək, bura Çin kimi supergüc də əlavə olunacaq. NATO-nun ordusuna görə ikinci ən güclü ölkəsi olan qardaş Türkiyə də burada yer alacaq. İran faktorunu da unutmayaq. Ona görə də, Avropa liderləri heç zaman Rusiya ilə birbaşa savaşa girməyəcəklər”.
C.Abbaslı bu konteksdə tarixdən xatırlatma da edib:
"Təbii ki, Birinci Dünya Müharibəsində bir sıra Avropa ölkələri iştirak ediblər. Amma bunun üzərindən yüz ildən çox zaman keçib. Son yüz ildə, açıq formada heç bir savaşa girməyiblər. İkinci Dünya Müharibəsində iştirak edən İtaliyanı istisna etmək lazımdır. Bütün bunları xatırlatmaqda məqsədim odur ki, tarixdə Avropa ölkələrinin Rusiya ilə birbaşa savaşdan yayındıqlarını görmüşük. Yeni bir Rusiya-Avropa savaşının şahidi olmaq, indiki mərhələdə mümkünsüz görünür. Tramp bunun olmasına imkan verməz. O belə savaşların dünya iqtisadiyyatına, düzəninə necə təsir edəcəyini yaxşı anlayır”.
Niyaz Hacıyev
Sfera.az





