Quttereş gedir: yeni Baş katibdən gözlənti nədir? - AÇIQLAMA

Quttereş gedir: yeni Baş katibdən gözlənti nədir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Birləşmiş Millətlər Təşkilatında növbəti Baş katibin seçilməsi üçün rəsmi prosesin işə düşməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Dünyada artan geosiyasi gərginlik, regional böhranlar və qlobal təhlükəsizlik çağırışları fonunda yeni Baş katibdən gözləntilər də əvvəlki dövrlərlə müqayisədə daha genişdir.

 

Son illərdə BMT-nin effektivliyi ilə bağlı yaranan narazılıqlar, təşkilatın böyük güclər qarşısında zəif mövqedə qalması və qəbul etdiyi qərarların icrasında çətinliklər bu qurumun islahatlara ehtiyacı olduğunu göstərir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, BMT 1945-ci ildə yarananda əsas funksiyası II Dünya Müharibəsindən sonra yaşanan xaosun aradan qaldırılması, dövlətlər arasında münasibətlərin tənzimlənməsi və əməkdaşlığa töhfə vermək idi.

 

 

Onun sözlərinə görə, BMT baş katibinin də əsas vəzifəsi bu olmalı idi.

 

"Son 4-5 ildə isə BMT işsiz bir quruma çevrilmişdi. Biz bunu Ermənistan-Azərbaycan münaqişəsində də gördük. Torpaqlarımız 30 il işğal altında oldu. BMT-nin qəbul elədiyi 4 qətnamənin heç biri icra olunmadı. Yaxın Şərq, Qəzza məsələsi və Rusiya-Ukrayna müharibəsində də bu kimi hallara şahid olduq".

 

K.Novruzov bildirib ki, BMT artıq öz effektivliyini itirib və söz sahibi deyil:

 

"İsrailin Baş naziri Benyamin Netanyahu BMT baş katibi Antoniu Quterreşin Qəzzaya getməyinə icazə vermədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bu mövzuya toxunub. Onun fikrincə, BMT-də dəyişikliklərə ehtiyac var və bu, yalnız idarəetmə səviyyəsində olmamalıdır. BMT-nin daimi üzvlərində dəyişiklik edilməlidir. Dünyanın taleyi daimi üzv olan 5 dövlətin qərarlarına buraxılmamalıdır və orada ən azı bir türk dövləti təmsil olunmalıdır".

 

Kənan Novruzov əlavə edib ki, BMT-nin yeni baş katibi bu məsələlərə diqqət etməlidir:

 

"Ondan tələb olunan böyük missiyalar var. Bunlardan biri dünya xəritəsində yeni cızılan effektiv qərarlar vermək və buna uyğunlaşmaqdır. Bəlkə də bir neçə ilə daha böyük və ciddi müharibələrin şahidi olacağıq. İndiki proses II Dünya Müharibəsindən əvvəlki dövrü xatırladır".

 

Siyasi şərhçi istisna etməyib ki, bundan sonra III Dünya Müharibəsi olacaq və bunun qarşısını almaq lazımdır.

 

Xatırladaq ki, Antonio Quterreş 2017-ci il yanvarın 1-də BMT-nin Baş katibi vəzifəsinə gəlib və iki müddət, yəni 2026-cı ilədək bu postu icra edib. O, fəaliyyətinə BMT-də islahatlar aparmaq, qurumu daha çevik və effektiv etmək istiqamətində addımlarla başlayıb. Quterreş xüsusilə iqlim dəyişikliyi məsələsini prioritet elan edərək dünya liderlərini daha ciddi tədbirlər görməyə çağırıb. Onun dövründə BMT bir sıra böyük humanitar böhranlarda – Suriya, Yəmən, Əfqanıstan və digər bölgələrdə – yardım fəaliyyətini genişləndirib. Bununla yanaşı, o, qlobal gərginliklər fonunda diplomatiya və dialoqun vacibliyini vurğulayan əsas fiqurlardan biri kimi yadda qalıb.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR