Rusiya-Ukrayna cəbhəsində bu tarixdə sakitlik yarana bilər - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yeni açıqlama verib. O bildirib ki, “nizamlama planının təfərrüatları razılaşdırılarsa”, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə yaxın zamanda görüş keçirilməsi mümkündür.
"Nizamlama planının təfərrüatları razılaşdırılarsa " anlayışının nəyi ifadə etdiyi, mümkün görüşün vaxtı və münaqişənin tezliklə bitib-bitməyəcəyi isə sual altındadır.
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Donald Trampın “Ukrayna üzrə nizamlama planının təfərrüatları razılaşdırılarsa” ifadəsi, əslində, tərəflərin danışıqlara keçid üçün minimal şərtlər üzrə ilkin razılıq əldə etməsi anlamına gəlir.

Onun sözlərinə görə, bu, tam sülh müqaviləsinə işarə etmir:
“Söhbət atəşkəsin çərçivəsi, sərhəd xəttinin hansı nöqtədə “dayandırılmış vəziyyət” kimi qəbul edilə biləcəyi, təhlükəsizlik zəmanətlərinin formatı, Rusiya və Qərb arasında sanksiyaların müzakirə mexanizmi, həmçinin Ukraynanın NATO ilə bağlı statusunun necə ifadə olunacağı kimi əsas konturların müəyyənləşməsindən gedir. Yəni Trampın mesajı odur ki, Putin və Zelenski ilə görüş yalnız o halda baş tutacaq ki, bu görüş formal şəkil yox, real nəticə verə biləcək diplomatik addıma çevrilsin”.
Politoloqun sözlərinə görə, bu ilkin çərçivənin razılaşdırılması hazırda olduqca çətin görünür:
“Rusiya cəbhədə taktiki üstünlüyünü genişləndirməyə çalışdığı üçün sərt şərtlər irəli sürəcək. Ukrayna isə ciddi güzəştlərə getməkdən çəkinir, çünki bu, daxili siyasi fəsadlara və ərazi itkilərinin legitimləşməsinə səbəb ola bilər. ABŞ administrasiyası isə həm Avropa tərəfdaşları, həm də daxili siyasi dinamika ilə razılaşdırılmış vahid xətt formalaşdırmalıdır. Bu səbəbdən ən optimist halda belə liderlər səviyyəsində görüş 2025-ci ilin yaz-yay aylarından tez reallaşa bilməz”.
Müsahibimiz müharibənin tezliklə bitməsi ehtimalına gəldikdə, real vəziyyətin bunu deməyə imkan vermədiyini qeyd edib:
“Rusiya cəbhədə daha əlverişli mövqedə olduğu üçün danışıqlara “maksimal qazancla” getmək istəyir və hərbi təzyiqi artırmağa çalışır. Ukrayna isə həm ərazi itkilərini rəsmiləşdirməmək, həm də Qərb dəstəyinin azalmasını kompensasiya etmək üçün müqaviməti davam etdirmək məcburiyyətindədir. ABŞ, Avropa İttifaqı və NATO daxilində fərqli yanaşmalar mövcuddur.
Daçox ehtimal olunan ssenari, 2025-ci il ərzində aktiv döyüşlərin nisbi şəkildə səngiməsi, cəbhənin “donmuş münaqişə” formasına keçməsi və paralel şəkildə uzunmüddətli, çətin danışıqlar prosesinin başlanmasıdır. Yəni yaxın vaxtlarda tam sülh yox, daha çox “müvəqqəti dayandırma” və ya “kontur razılaşması” kimi formatlar gözlənilir”.
Niyaz Hacıyev
Sfera.az





