İranda vəziyyət gərgindir -Eks prezident nəyə işarə etdi?

İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkədə son illər yaşanan böhranların miqyası və mövcud təhdidlərin 1979-cu il inqilabından sonra görünməmiş səviyyəyə çatdığını bildirib.
O, hakimiyyətin mövcud yanaşmasını dəyişmədiyi halda idarəetmə sisteminin dağılması təhlükəsi ilə üz-üzə qala biləcəyini vurğulayıb. Xatəmi bildirib ki, ölkədə yaranmış vəziyyətdən çıxış üçün “yeganə və ən az xərcli yol” hakimiyyətin qırmızı xətləri yenidən nəzərdən keçirməsi, yanaşmalarını dəyişməsi və daha çevik siyasi davranış sərgiləməsidir.
Sabiq prezidentin “qırmızı xətt” ifadəsi həm siyasi, həm də ideoloji sərt çərçivələrin yumşaldılması zərurətinə işarə kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli İranın mövcud siyasi sistemi artıq öz funksionallığını itirmək üzrə olduğunu və uzun illərdir formalaşmış idarəçilik modelinin ölkənin inkişafına maneə yaratdığını bildirib:

"Son proseslər göstərir ki, İranda mövcud siyasi sistem zamanını doldurub. Bu sistemlə İranın inkişafını təmin etmək mümkün deyil. Ona görə də ölkə istəməsə belə, islahatlar aparmağa və idarəetmə modelini dəyişməyə məcbur qala bilər”.
Onun sözlərinə görə, xüsusilə İranın xarici siyasəti ciddi problemlər yaradıb və ölkəni qonşularla ziddiyyətlərə sürükləyib:
“İndiki xarici siyasət İranı tədric olunmuş, təcrid olunmuş bir dövlətə çevirir. Buna görə də həm xarici, həm də daxili siyasətdə ciddi islahatlar və prioritetlərin yenidən müəyyənləşdirilməsinə ehtiyac var”.
Politoloq Pezeşkian hökumətinin mövcudluğu və daha dünyəvi, iqtisadiyyata əsaslanan idarəçilik modelinə keçidin İran üçün perspektiv ola biləcəyini qeyd edib:
“Pezeşkianın prezidentliyi altında molla rejimi modelinin ləğvi və dünyəvi siyasi idarəçilik sisteminə keçid ölkənin gələcəyi üçün yeni üfüqlər aça bilərdi. Bu həm siyasi, həm də iqtisadi böhranın yumşaldılmasına imkan verə bilər. Hazırda İranda bu məsələlər geniş müzakirələrə səbəb olur. Proseslərin hansı nəticə verəcəyi isə hələlik qeyri-müəyyəndir”.
Bəsti Rəfizadə
Sfera.az






