Azərbaycan Mərkəzi Asiyada güclənir – Yeni reallıqların yaratdığı imkanlar

Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrini nəzərəçarpacaq dərəcədə genişləndirib. Məhz bu kontekstdə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidentinin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın tədbirə dəvət olunması və dövlət başçısının fəal iştirakı ölkənin regionun siyasi gündəmində mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrini inkşaf etdirməkdə əsas məqsəd nədir və bu Azərbaycana hansı üstünlüklər qazandıracaq?
Sfera.az-a məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünün tamhüquqlu üzvü oldu:
“Özbəkistan paytaxtında keçirilən 7-ci sammitdə qəbul olunan sənədlə Azərbaycan bu formatın tam hüquqlu iştirakçısına çevrildi. Qərar regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığını təsdiqləyir.
Sənəddə qeyd edilib: “Azərbaycan Respublikası tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilsin”. Bu, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artan etimadın nəticəsidir. Azərbaycan daha əvvəl 2023-cü ildə Düşənbədə və 2024-cü ildə Astanada qonaq kimi iştirak etmişdi”.
N.Həmzəyev Prezident İlham Əliyevin çıxışında yeni qərara toxunduğunu da dedi:
“Xəzər dənizinin ölkələri birləşdirən strateji amil olduğunu vurğulayan Prezident mədəni, tarixi və mənəvi bağların əməkdaşlığın əsasını təşkil etdiyini qeyd edib. Son üç ildə yüksək səviyyəli səfərlərin intensivliyi (37 görüş) siyasi yaxınlığın göstəricisidir. Bu dövrdə 200-dən çox sənəd imzalanıb, milyonlarla dollarlıq layihələr işə düşüb. Özbəkistanla əməkdaşlıq xüsusi dinamika ilə seçilir: ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar sürətlə artır, birgə müəssisələr və mədəni-humanitar layihələr genişlənir”.

Deputat Füzuli və Ağdamda Mərkəzi Asiya ölkələrinin dəstəyi ilə məktəblər və digər sosial obyektlər tikildiyini xatırlatdı:
“Prezident Əliyev bu addımları “qardaşlığımızın sübutu” kimi qiymətləndirib.
Orta Dəhliz üzrə yükdaşımaların artması, Ələt Limanının imkanları, BTQ xətti, Zəngəzur dəhlizi və hava nəqliyyatının inkişafı Azərbaycanın regionun əsas tranzit qovşağına çevrilməsini təmin edir. Enerji, rəqəmsal transformasiya və investisiya sahələrində yeni layihələr, o cümlədən “Rəqəmsal İpək Yolu”, Xəzərin dibi ilə elektrik kabeli, bərpaolunan enerji əməkdaşlığı strateji əhəmiyyəti daha da artırır”.
Millət vəkili Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin açılışını, mədəniyyət günlərini və regional humanitar tədbirlərin xalqları birləşdirən amillər kimi qiymətləndirildiyini vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Özbəkistanın 2027-ci il U-20 Dünya Çempionatını birgə keçirməsi bu əməkdaşlığın simvolik nümunəsidir:
“Azərbaycan və Mərkəzi Asiya ölkələri TDT daxil olmaqla beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Növbəti sammit Aşqabadda keçiriləcək və Azərbaycan artıq tamhüquqlu üzv kimi iştirak edəcək.
Prezident Əliyevin sözləri formatın mahiyyətini əks etdirir: “Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb arasında birləşdirici körpüdür”. Daşkənd sammiti altı ölkənin vahid məqsədlə gələcəyə addımladığını təsdiqləyib”.
Fidan Hacızadə
Sfera.az






