TDT güclənir - Azərbaycanın rolu xüsusidir

TDT güclənir - Azərbaycanın rolu xüsusidir
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

 

Görüş zamanı tərəflər Azərbaycanın TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları müzakirə ediblər.

 

Nazir Ceyhun Bayramov təşkilat çərçivəsində dostluq, qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

 

Tərəflər ötən il Şuşada keçirilmiş qeyri-rəsmi sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə bu il Qəbələdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Baş katib Azərbaycan tərəfindən təşkil edilmiş tədbirlərin uğurlu təşkilinə görə təbriklərini çatdırıb.

 

Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərin icra edilməsi istiqamətində addımlar nəzərdən keçirilib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Siyasi şərhçi Kənan Novruzov Sfera.az-a bildirib ki, Azərbaycan TDT-nin güclənməsində və inkişafında xüsusi rol oynayır:

 

 

"Rəsmi Bakının beynəlxalq aləmdə artan rolu təbii ki, təşkilatın imicinə də müsbət təsir edir.
TDT-nin güclənməsi digər üzv dövlətlər kimi Azərbaycanın da strateji maraqlarına cavab verir. Prezident İlham Əliyevin dediyi kimi, bizim Türk dünyasından başqa ailəmiz yoxdur.

TDT-nin daha da inkişaf bütün üzv ölkələr kimi Azərbaycan üçün də yeni imkanlar, yeni fürsətlər deməkdir. Beləliklə, biz artıq başqasına yox, özümüzə “böyük qardaş” deyəcəyik".

 

Onun sözlərinə görə, Azərbaycan bundan sonra TDT-nin güclənməsinə töhfə verməyə davam edəcək:

 

"Bu baxımdan yeni təşəbbüslərin ortaya çıxması, o cümlədən hazırda müşahidəçi olan Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin gələcəkdə tamhüquqlu üzvə çevrilməsi istiqamətində addımların atılması istisna deyil.
TDT-nnin güclənməsi, genişlənməsi bütün üzv dövlətlər, o cümlədən Azərbaycan üçün təhlükəsizlik və strateji məsələdir. Bu baxımdan əminliklə deyə bilərik ki, rəsmi Bakı təşkilatın qüdrətlənməsi üçün səylərini əsirgəməyəcək".


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR