Logo

Azad edilmiş ərazilərimizə "Böyük qayıdış" mistik sürətlə davam edir

Azad edilmiş ərazilərimizə "Böyük qayıdış" mistik sürətlə davam edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın son illərdə həyata keçirdiyi ən mühüm milli proqramlardan biri “Böyük Qayıdış” konsepsiyasıdır.

Bu proqram yalnız məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, həm də dövlətin müasir inkişaf strategiyasının, milli dirçəlişin və tarixi ədalətin bərpasının simvoludur.

Sfera.az xəbər verir ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalını yaşayarkən, minlərlə ailə öz torpaqlarından didərgin düşmüşdü. Məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirilsələr də, onların mənəvi və sosial durumları uzun illər bərpa olunmamış qalmışdı. 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqların azad edilməsi ilə Azərbaycan tarixində yeni səhifə açıldı. Lakin torpaqların azad olunması prosesin başlanğıcı idi. Əsas məqsəd həmin ərazilərin bərpası, orada dayanıqlı həyatın qurulması və əhalinin mərhələli şəkildə yerləşdirilməsi idi. Bu məqsədlə dövlət səviyyəsində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edildi.

“Böyük Qayıdış” proqramının əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə sosial, iqtisadi, infrastruktur və ekoloji baxımdan müasir yaşayış mühitinin yaradılmasıdır. Azad edilmiş torpaqlara mərhələ-mərhələ soydaşlarımızın qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün müəyyənləşdirilən hədəfə yüksək səviyyədə nail olacağımıza böyük əsas yaradır. Hədəf 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Məhz həyata keçirilən yenidənqurma, təmir və bərpa işlərinin nəticəsi olaraq xeyli sayda vətəndaş işğaldan azad edilmiş ərazilərimizə geri dönüş ediblər. Son aylarda öz dədə-baba torpaqlarına qayıdan sakinlərin sayı xeyli artıb. Konkret olaraq avqustun 27-də doğma yurduna yola salınan köç karvanı artıq Ağdam rayonunun Xıdırlı kəndindədir. Bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Sentyabrın 8-də Xocalı rayonunun Xanyurdu kəndinə köç karvanı salınıb.

Bu mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. Ardınca doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb. Bu mərhələdə köçürülən 105 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib. Vəngli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib. Yeri gəlmişkən qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Proqram çərçivəsində bir sıra istiqamətlər üzrə işlər həyata keçirilir. Məsələn, infrastrukturun bərpası və yenidən qurulması, yollar, elektrik xətləri, qaz və su təchizatı, rabitə sistemləri və sosial obyektlərin tikintisi, minalardan təmizlənmə, azad olunmuş torpaqlarda bərpa və tikinti işlərinin təhlükəsiz aparılması üçün ilk növbədə mina və partlayıcı qalıqların təmizlənməsi. Həmçinin, yaşayış məntəqələrinin yenidən salınması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məhəllələrinin inşası.

İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti və bərpa işləri Azərbaycan tarixində misilsiz miqyasda həyata keçirilir. Bu kəndlərdə ağıllı idarəetmə sistemləri, alternativ enerji mənbələri, müasir təhsil və səhiyyə müəssisələri, eyni zamanda dayanıqlı iqtisadi fəaliyyət üçün şərait yaradılıb. “Füzuli Beynəlxalq Hava Limanı”, “Zəngilan Hava Limanı” kimi layihələr bölgənin gələcəkdə regional logistika mərkəzinə çevrilməsini təmin edəcək. Azərbaycan üçün ən böyük maneələrdən biri işğaldan azad olunmuş ərazilərdə minalanmış torpaqların təmizlənməsidir. ANAMA-nın (Azərbaycan Minatəmizləmə Agentliyi) məlumatına görə, bu ərazilərdə milyonlarla kvadratmetr sahə hələ də təhlükəlidir. Məhz bu səbəbdən qayıdış prosesi mərhələli şəkildə aparılır. Hər bir yaşayış məntəqəsinə insanlar ancaq tam təhlükəsiz şərait yaradıldıqdan sonra köçürülür. Azad olunmuş ərazilərin iqtisadi potensialı böyükdür. Bu torpaqlar kənd təsərrüfatı, enerji və turizm baxımından ölkə iqtisadiyyatına əlavə dəyər gətirə biləcək strateji regionlardır.

Kənd təsərrüfatı sahəsində Qarabağ torpaqları ölkənin ərzaq təhlükəsizliyi baxımından mühüm rol oynayacaq. “Yaşıl enerji zonası” konsepsiyası çərçivəsində isə Kəlbəcər, Laçın və Zəngilanda günəş və su elektrik stansiyaları inşa olunur. Turizm sahəsində isə Şuşa, Hadrut, Xocavənd və digər bölgələr mədəni və ekoturizm istiqamətində inkişaf etdirilir. “Böyük Qayıdış” təkcə iqtisadi və infrastruktur layihəsi deyil, həm də milli yaddaşın bərpası prosesidir. 30 il doğma yurdlarından uzaqda yaşamış on minlərlə insan üçün bu qayıdış tarixi ədalətin bərpası deməkdir. Qarabağa köçən ailələr üçün dövlət tərəfindən evlər, məktəblər, poliklinikalar, mədəniyyət evləri tikilir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Böyük Qayıdış təkcə insanların torpaqlarına dönməsi deyil, həm də Azərbaycanın suverenliyinin tam bərpası deməkdir”. Bu proqram Azərbaycan üçün sadəcə bərpa planı deyil, milli həmrəyliyin, dövlət gücünün və xalq iradəsinin göstəricisidir. Azərbaycan xalqı üçün bu qayıdış zəfərin davamı, dövlət üçün isə dayanıqlı inkişafın təməlidir.

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bəsti Rəfizadə

Sfera.az

Azad edilmiş ərazilərimizə "Böyük qayıdış" mistik sürətlə davam edir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR