Siyasi intriqalar "ustası": Mehdiyevin idarəçilik texnologiyası ifşa olur

Siyasi intriqalar "ustası": Mehdiyevin idarəçilik texnologiyası ifşa olur
Kateqoriya məlum deyil
T

Ramiz Mehdiyevin həbsi təkcə uzun illər yüksək vəzifə daşımış bir şəxsin məsuliyyətə cəlb edilməsi kimi deyil, həm də sistem daxilində illərlə möhkəmləndirilmiş siyasi şəbəkənin ifşası kimi qiymətləndirilir. Onun siyasi fəaliyyətinin arxa fonu, idarəçilik dönəmində yaradılan təsir mexanizmləri, eləcə də iqtidar–müxalifət münasibətlərinin süni şəkildə gərgin saxlanılması məsələləri yenidən gündəmə gəlib. Xüsusilə radikal müxalifətin 2013–2019-cu illərdə süni şəkildə “alternativ güc mərkəzi” kimi prezentasiya edilməsi, ictimai rəydə təhlükə görüntüsü yaradılması və bunun hakimiyyət daxilində qapalı balans mexanizminə çevrilməsi Mehdiyevin siyasi irsi barədə yeni suallar doğurur.

 

Mehdiyevin proseslərdəki rolu sadəcə siyasi iştirakla məhdudlaşmayıb, həm də daxildən idarə olunan “təhlükə kartı” üzərində qurulan uzunmüddətli texnologiyanın aparıcı elementi olub. Onun sistemdən uzaqlaşdırılmasından sonra radikal çağırışların və genişmiqyaslı mitinq cəhdlərinin dayanması da bu iddiaları qüvvətləndirən fakt kimi göstərilir. Eyni zamanda, gündəmdə Ramiz Mehdiyevin radikal müxalifət qüvvələrini və xaricdə fəaliyyət göstərən blogerləri maliyyələşdirməsi ilə bağlı iddialar var.

 

Maraqlıdır, bu gərginliyin əsas məqsədi nə idi və Mehdiyev bu mexanizmdən öz siyasi mövqelərini qorumaq üçünmü istifadə edirdi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Ramiz Mehdiyevin həbsi, sadəcə bir şəxsin korrupsiya və sui-istifadə faktlarına, dövlətə xəyanət ittihamlarına görə məsuliyyətə cəlb edilməsi deyil. 

 

Onun sözlərinə görə, bu hadisə, illərlə dövlətin içində gizlincə formalaşdırılmış və “beşinci kolon” kimi fəaliyyət göstərən siyasi şəbəkənin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir:

 

“Mehdiyev illər boyu dövlət idarəçiliyinin ən yüksək mərtəbəsində dayanaraq, həm siyasi qərarların istiqamətinə, həm də ictimai rəyin formalaşmasına təsir göstərən mürəkkəb sistem qurmuşdu.

2019-cu ilə qədər, yəni Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi son illərdə ölkədə qəribə bir mənzərə yaranmışdı. Radikal müxalifət dairələrinin fəaliyyəti media vasitəsilə sistematik şəkildə qabardılır, onların cəmiyyətdəki təsir imkanları süni şəkildə şişirdilirdi. Mitinqlər təşkil olunur, sosial gərginlik ocaqları qəsdən alovlandırılır, dövlətə qarşı məqsədli kampaniyalar aparılır, sabotaj elementləri işə salınırdı.

Əsl məqsəd sadə idi: ölkədə sabitlik görüntüsünü pozmaq, “ictimai narazılıq” illüziyası yaratmaq və bunun fonunda hakimiyyətin “idarəolunmazlıq” təəssüratı formalaşdırmaq. Bu isə dövlət daxilində təsir imkanlarını qorumaq, yeni kadr islahatlarının qarşısını almaq və Mehdiyevin özü üçün “əvəzolunmaz fiqur” obrazını saxlamaq üçün düşünülmüş ssenari idi.

İddialara görə, Ramiz Mehdiyev uzun illər ərzində həm ölkə daxilindəki radikal müxalifətə, həm də xaricdə fəaliyyət göstərən “söyüş terminatırları”na maddi dəstək göstərib. Məqsəd, bu qüvvələr vasitəsilə ölkə rəhbərliyinə qarşı psixoloji və informasiya təzyiqi yaratmaq idi”.

 

 

Əməkdar jurnalist qeyd edib ki, bütün bunlar ibtidai və məhkəmə istintaqları zamanı təsdiqini tapacağı təqdirdə dövlətə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyət kimi qiymətləndiriləcək. Onun fikirncə, belə bir halda, bu cür əməllərə görə cinayət qanunvericiliyinə əsasən dövlətə xəyanət, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya maddələri üzrə ən ağır cəza tədbirləri tətbiq oluna bilər.

E.Mirzəbəylinin sözlərinə görə, mətbuatda və ictimai müzakirələrdə Mehdiyevin və ailə üzvlərinin müxtəlif rayon və şəhərlərdə milyonlarla dəyəri olan əmlaklara sahib olduqları barədə məlumatlar da dövriyyədədir:

 

“Xüsusilə kürəkəninin bahalı avtomobil kolleksiyası və xarici ölkələrdəki biznes əlaqələri bu sistemli korrupsiya mexanizminin tərkib hissəsi kimi qiymətləndirilir.

Həmin mülklərin müsadirəsi təkcə hüquqi deyil, həm də ictimai ədalətin bərpası baxımından zəruridir. Çünki bu sərvətlərin əhəmiyyətli hissəsinin dövlət resurslarının şəxsi maraqlara yönəldilməsi nəticəsində formalaşdığı istisna edilmir”.

 

Millət vəkili vurğulayıb ki, Ramiz Mehdiyevin həbsi, əslində, illərlə kölgədə qalan və dövlətin içində “öz dövlətini” yaratmağa çalışan sabotajçı sistemin çökməsi deməkdir: 


"Bu hadisə bir daha sübut edir ki, Azərbaycan dövləti ona daxildən zərbə vurmağa çalışan heç bir qüvvəni, istər keçmiş məmur, istərsə də “intellektual” ad altında gizlənən siyasətbazları cəzasız qoymayacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sistemli islahatlar və şəffaf idarəetmə siyasəti fonunda bu cür təxribatçı elementlərin ifşası dövlətin siyasi immunitetini daha da gücləndirir".


E.Mirəzəbəyli xatırlatdı ki, 2020-ci ilin avqust ayında R.Mehdiyev onu məhkəmə ilə təhdid edib. Həmin ildə E.Mirzəbəyli Mehdiyevin hərəkətlərinə qarşı yazı yazıb. 
Həmin yazıdan stat gətirən millət vəkili bunları bildirdi: 


“Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan “qara dəlik” rolunu oynayıb, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına, çoxpartiyalı sistemin inkişafına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, sistemdənkənar “əyləc” funksiyasını yerinə yetirib.

Ramiz Mehdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk gündən Azərbaycan Xalq Cümhuriyyəti ilə çağdaş Azərbaycan Respublikası arasındakı hüquqi, mənəvi, ideoloji bağların qırılması, dövlətçilik ənənələrimizin bərpasında varislik prinsiplərinin sıradan çıxarılması üçün əlindən gələni əsirgəməyib. 

...İllərdən bəri özü haqqında formalaşdırdığı və başdan-başa qondarma epitetlərdən ibarət olan mifin darmadağın olmasına, qurduğu saxta ideoloji və siyasi alver piramidasının yerlə bir edilməsinə dözə bilməyən Mehdiyev çıxış yolunu təhdiddə görüb, kənar qüvvələrin adını manipulyativ üsullarla hallandırmaqla mesaj verib, haqqında həqiqəti deyənləri, yazanları susdurmağa çalışıb.

...Mən onsuz da 20 ildən çoxdur ki, onun “qara siyahı”sındayam. Məni boş verin...

Azərbaycan xalqına məxsus nə varsa – dilimiz, milli mədəniyyətimiz, dünyagörüşümüz, dövlətçiliyimizin ideoloji əsaslarını təşkil edən və özünü üçrəngli müqəddəs bayrağımızda ifadə edən dəyərlərimiz də Mehdiyevin “qara siyahı”sındadır. 

Azərbaycan xalqının mütərəqqi düşüncəli, dövlətə və xalqa bağlı olan, milli birliyin, həmrəyliyin keşiyində dayanan, fərqli siyasi baxışlar, dünyagörüşləri arasında körpü rolunu oynayan, cəmiyyəti qütblərə parçalanmaqdan qoruyan bütün işıqlı adamları uzun illərdir ki, Ramiz Mehdiyevin qara qəzəbinə tuş gəliblər.

Və bu qara qəzəbə qara nöqtə qoymağın zamanı çoxdan çatıb”.

 

Saytımıza açıqlama verən millət vəkili Hikmət Babaoğlu nəzərə çatdırıb ki, Azərbaycanın güclənməsini istəməyən qüvvələr daima ölkə daxilində gərginliyin mövcud olmasında maraqlı olublar:

 

“Bu kontekstdə müxtəlif sosial təbəqələri siyasi sistemin daxili aktorlarını bir-birinə qarşı qoymaqla çalışırdılar ki, vəziyyət daha da gərginləşsin, Azərbaycanın əsas problem olan Qarabağ məsələsi həll olunmasın. 30 ilə yaxın davam edən dövr ərzində bu dağıdıcı strategiyanın daima şahidi olduq. Bu siyasəti həyata keçirənlərin bəzən müəyyən səlahiyyət sahibləri olduqlarını da təxmin edirdik. Bununla bağlı müxtəlif ehtimallarımız oldu. Bu gün isə ehtimallar öz təsdiqini tapır. Bəlli olur ki, biz yenidən tariximizə dönüb, sosial-siyasi arxeologiyaya aparıb, bu hadisələri təkrarlamaqla özümüzə hesabat verməliyik. 


Məsələyə analitik təfəkkürün böyüdücü şüşəsi ilə baxdıqda görürük ki, Azərbaycanda iqtidar-müxalifət münasibətlərini də bu şəkildə qurmağa çalışıblar. Ölkədaxili siyasi dinamiklərə forma veriblər. Çox təəssüf ki, verilən bu forma Azərbaycanın lehinə olmayıb. Siyasi müxalifət radikallaşdırılıb, Azərbaycan dövlətinə qarşı qoyulub. Bu prosesdə Ramiz Mehdiyev və onun komandasının da əli olub. İstintaqın gedişi prosesində bunlar da aydın olacaq”.

 

 

H.Babaoğlunun sözlərinə görə, irəli sürülən ittihamlar dolayısı yolla həmin iddiaları da təsdiq edir:

 

“Daxili siyasi proseslərdə biz uzun müddət gördük ki, bəzən radikal müxalifət güclənir, bəzən isə zəifləyir. Bu hadisələrdə xüsusi dinamika var. Biz bu dinamikanı öyrənməliyik ki, hansı məqamda necə davranılır. Mümkündür ki, dövlət çevrilişinə cəhd edən və vətənə xəyanət edənlərin özlərini hakimiyyətə daha qiymətli göstərmə cəhdləri olub. “Bu müxaliəfəti biz idarə edirik. Biz olmasaq, qeyri-sabitlik yaranar, hakimiyyət təhdid altına düşər və s.” kimi fikirlər yaratmağa çalışırdılar. 

Bütün bunlar azmış kimi bir məsələ də xüsusi diqqət cəlb edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi yeni legitim hüquqi hakimiyyət və yeni milli siyasi leksikonu radikal müxalifətin əli ilə dəyərsizləşidirlmə cəhdləri edilirdi. Siyasi leksikonumuza radikal müxalifətin radikal dili ilə söyüşü, təhqiri, ailə dəyərlərinə hücumları təşkil etməklə Azərbaycanın siyasi kimliyini və mədəniyyətini gözdən salmaq tendesiyasını gördük və bu gün də görüməkdəyik. Burada hər nə qədər xarici qüvvələri rolu varsa, bir o qədər də içimizdəki ittihamla irəli sürülən vətən xainlərinin də rolu var. Bu vətənə xəyanətdir. Bir millətin siyasi və mədəni dəyərlərini, dilini məhəlli jarqon səviyyəsinə endirmək Azərbaycan mənəviyyatına qarşı törədilmiş cinayətdir. Bütün bunlara aydınlıq gətirilməlidir”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR