Partiya sədri Ramiz Mehdiyev planının detallarını açıqladı: "5-6 milyard dollar ayrılmışdı"

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin istintaqa cəlb edilməsi, onun dövlət çevrilişinə cəhddə ittiham olunması əsas müzakirə mövzusuna çevrilib. Dövlət çevrilişinə cəhd ciddi ittihamdır və belə əməli bir nəfərin təkbaşına törədməsi mümkün deyil. Böyük ehtimalla R.Mehdiyev müəyyən qruplarla birgə hərəkət edib.
Məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a çoxsaylı yeni detalları açıqlayıb.
O, illərdir xəbərdarlıq etdiyi təhlükənin indi gerçəkliyə çevrildiyini bildirərək, Mehdiyevin ölkədə çevriliş hazırlığına rəhbərlik etdiyini, planın isə həm dövlət, həm də media strukturlarına sirayət etdiyini deyib. Hacıyev hesab edir ki, bu gün sükuta bürünən bir çox şəxslər vaxtilə Mehdiyevin qarşısında “sədaqət andı” içənlərdir:
“Heç kim demək istəmir ki, vaxtilə dəsmalını çıxarıb Ramiz Mehdiyevin ayaqqabısını silənlər indi gizlənməyə çalışırlar. Amma bu belə deyil. Bu, dövlət məsələsidir. Əgər sən bu dövləti, bu milləti, bu torpağı sevirsənsə, o zaman bildiklərini gizlətməməlisən. Mən hələ 2010-cu ildə qəzetlərdə Ramiz Mehdiyevlə bağlı sözümü demişəm. Açıq demişəm, çünki bu sistemin içində hansı oyunların getdiyini çox yaxşı bilirdim”.
Siyasətçi iddia etdi ki, Milli Məclisin üzlərinin 60-70 faizi uzun illər Mehdiyevin nəzarətində olub və çevriliş planı zamanı parlament bu prosesə siyasi don geyindirməliymiş:
“Parlamentdə həm sabiq, həm də hazırkı deputatlar arasında onun adamları çoxdur. Hazırda da var. Onlar planlaşdırılan çevriliş zamanı bu prosesə legitimlik görüntüsü verməli idilər. Bu gün onların çoxu susur, amma arxivlərdə hamısının Ramiz Mehdiyevi necə “ağsaqqal” adlandırdıqları, necə təriflədikləri var.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Ramiz Mehdiyevin yaxın adamı idi. Onun planına görə, çevrilişdən sonra Məmmədyarov yenidən nazir postuna qayıtmalı idi. Hətta kölgə kabinetində onun da adı var idi. Xarici ölkələrdəki səfirliklərlə əlaqəni, məlumat ötürülməsini də o koordinasiya edirdi.
Eləcə də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov çevriliş baş verəcəyi halda təhlükəsizlik orqanlarına rəhbərlik etməli idi.
Bu faktların hamısı mənə məlum idi. Müdafiə Nazirliyində də onun çox böyük qruplaşması var idi. Vaxtilə bir general vardı, ona təklif göndərmişdilər ki, “bizim qrupa qoşul”. Ramiz Mehdiyev və onun adamları bu şəkildə hər sahəyə sızırdılar. Mən o vaxtdan deyirdim ki, bu, dövlət üçün təhlükədir. İndi o təhlükənin üstü açılır”.
Hafiz Hacıyev bildirdi ki, Mehdiyevin məqsədi daxildə xaos yaratmaq, müxalifəti hərəkətə gətirmək və xarici qüvvələrin müdaxiləsi ilə hakimiyyəti ələ keçirmək olub:
“Plan belə idi: yaxın günlərdə müxalifət küçələrə çıxmalı, təxribatlar törədilməli, xarici dövlətlər müdaxilə etməli idi. Bu prosesdə Eldar Mahmudov, Elmar Məmmədyarov və keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev də iştirak edirdilər. Hətta çevriliş üçün 5-6 milyard dollar pul toplanmışdı. Ramiz Mehdiyev prezident, Elton Məmmədov Prezident Administrasiyasında İşlər İdarəsinin müdiri, Ziya Məmmədov isə təsərrüfat üzrə vitse-prezident olmalı idi. Kabinetdə bölgü artıq aparılmışdı”.

Partiya sədri həmçinin iddia edib ki, Mehdiyev xarici qüvvələrə də informasiya ötürüb:
“Moskvada müəyyən sənədlər Rusiya tərəfinə Əsabəli Qasımov vasitəsilə ötürülüb. Bu artıq casusluq səviyyəsində bir fəaliyyətdir. Onları maliyyə ilə təmin edən Adnan Əlizadə idi. Media sahəsini isə Əli Həsənov idarə edirdi. Həsənov həmin pullarla bəzi media qurumlarını maliyyələşdirirdi. İndi həmin saytlar susur. Niyə susurlar? Çünki o pullardan milyonlar qazananlar indi qorxurlar. 1-2 ay öncə demişdim ki, Novxanı bağlarında çevrilişə hazırlıq gedir. Keçmiş MTN naziri Eldar Mahmudov dərhal həbs olunmalıdır. Onlar orada nərd oynayır, xarici dövlətlərlə iş birliyi qururdular. Ramiz Mehdiyev hətta Ermənistana da məlumat ötürürdü. Qarabağ azad olunanda o, erməni mətbuatının müdafiə etdiyi şəxsə çevrilmişdi”.
Hafiz Hacıyev həmçinin qeyd edib ki, məsələlərin indi üzə çıxmasının əsas səbəbi Prezident İlham Əliyevin qətiyyətidir:
“Cənab Prezident çox güclü və prinsipial liderdir. Nəhəng dövlətlər arasında Azərbaycanın müstəqilliyini qoruyur, sülhü və sabitliyi təmin edir. Tramp da demişdi ki, İlham Əliyev güclü liderdir. Ramiz Mehdiyevlə bağlı bütün ciddi məlumatlar Prezidentdə var idi. Biz də borcumuzu yerinə yetirib dövlətin mənafeyi naminə bu məlumatları çatdırdıq.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi çox savadlı və dövlətinə sadiq insandır. O, əvvəlki Eldar Mahmudov deyil. O, həyatını bu dövlətin təhlükəsizliyinə həsr edib. İndi hər şey açıldı, zamanı çatdı və çevriliş planının üstü tam ifşa olundu. Bir vaxtlar Ramiz Mehdiyevi “ağsaqqal” adlandıran deputatlar indi susurlar. Amma hamısı bilirdi ki, Mehdiyev dövlət içində dövlət qurmuşdu. Müdafiə Nazirliyində, parlamentdə, nazirliklərdə onun təsiri çox güclü idi. Sadəcə, vaxt lazım idi və o vaxt gəldi. 5-ci kolonun necə fəallaşdığını, xaricdəki hüceyrələrə milyardlarla pul xərcləndiyini hamımız bilirik. Sadəcə, istintaq gedir və mən onun gedişinə mane olmamaq üçün gözləyirəm”.
Bəsti Rəfizadə
Sfera.az






