Sahibə Qafarova dövlət müstəqilliyinin bərpasından danışdı
"34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olundu. Lakin müstəqil olmaq qədər onu qoruyub saxlamaq da böyük əzmkarlıq və qətiyyət tələb edirdi".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Ermənistanın silahlı təcavüzü və torpaqlarımızın işğalı ölkəmiz üçün ciddi problemlər yaratmışdı.
Eyni zamanda, daxili çəkişmələrə başı qarışmış səriştəsiz hakimiyyət ölkəni bu təhlükələrdən müdafiə etmək gücündə deyildi.
"Məhz bu çətin dövrdə xalqımız öz müdrik liderinə – Heydər Əliyevə üz tutdu. 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsinə çevrildi. Onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxladı, təhlükələri dəf etdi, insanlara gələcəyə olan inamı geri qaytardı və müstəqillik ideyasını reallığa çevirdi".
Parlament sədri qeyd etdi ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini göstərir.
O, əlavə etdi ki, məhz bu siyasi kursun nəticəsi olaraq Azərbaycan 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında tarixi qələbələr qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi:
"Bütün bu nailiyyətlər sübut edir ki, bu gün Azərbaycan regional və qlobal gündəmin formalaşmasında mühüm rol oynayan, güclü və söz sahibi bir dövlətdir".
Firuzə Əliyeva
Sfera.az






