ƏHD-nin təmsilçiliyi yarıya endi: Bu, maliyyə və nüfuz itkisidir

ƏHD-nin təmsilçiliyi yarıya endi: Bu, maliyyə və nüfuz itkisidir
Kateqoriya məlum deyil
T

Deputat Elçin Mirzəbəylinin Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasından çıxarılması partiyanın maliyyələşməsinə təsir edəcək. Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, partiyalar parlamentdə təmsil olunan üzvlərinin sayına görə dövlətdən əlavə maliyyə vəsaiti alır. “Siyasi partiyalar haqqında” qanuna görə, dövlətin partiyalara ayırdığı vəsaitin böyük hissəsi parlamentdə təmsilçilik əsasında bölünür. Ayrılan vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər şəkildə, 50 faizi isə parlamentdəki deputat sayına proporsional olaraq bölüşdürülür.

 

Sfera.az bildirir ki, bu baxımdan deputatın partiyadan çıxması və ya üzvlükdən xaric edilməsi həmin partiyanın Milli Məclisdəki mandat sayının azalmasına gətirib çıxarır.

 

Bu da birbaşa olaraq dövlət büdcəsindən alınan vəsaitə təsir edir. 


2025-ci ildə dövlət büdcəsindən siyasi partiyalara maliyyə dəstəyi məqsədilə 6 milyon manat ayrılıb. Bu vəsaitin 50 faizi, yəni 3 milyon manatı 125 deputat yeri arasında bölünür. Bir yerə düşən məbləğ 24 min manat təşkil edir. ƏHD-nin iki deputatı olduğundan partiya ildə 48 min manat pul alacaqdı. 


E.Mirzəbəylinin partiyadan çıxması ilə bu vəsait 24 min manata düşəcək. 


Bununla həm də ƏHD-nin Milli Məclisdəki təmsilçiliyi iki deputatdan bir deputata enib. Əvvəllər partiyanın parlamentdə iki üzvü olub. ƏHD-nin deputatları partiyanın sədri Qüdrət Həsənquliyev və E.Mirzəbəylidən ibarət idi. İndi partiya yalnız Q.Həsənquliyevlə təmsil olunacaq. E.Mirzəbəylinin gedişi ilə ƏHD deputat yerlərinin yarısını itirdi. 


Bir deputatın belə çıxaması kiçik partiyalar üçün həm maliyyə, həm də siyasi nüfuz baxımından ciddi itkidir. Dövlətin maliyyə yardımı kiçik partiyalar üçün əsas gəlir mənbəyidir. Deputat sayının azalması isə həmin partiyaların ofis xərclərini, ictimai fəaliyyətlərini və seçki hazırlığını maliyyələşdirmək imkanlarını məhdudlaşdırır.
Həmçinin, parlamentdə daha az deputatla təmsil olunmaq partiyanın nüfuzuna mənfi təsir göstərir. Çünki ictimai nüfuz azalır, tərəfdarların və potensial üzvlərin inamı zəifləyir.


Hazırda parlamentdə ən çox təmsilçiliyə malik olan partiya Yeni Azərbaycan Partiyasıdır (YAP). 2024-cü il seçkilərinin nəticələrinə əsasən YAP Milli Məclisdə 68 deputatla təmsil olunur.


YAP-dan sonra Vətəndaş Həmrəyliyi Partiyası, Vətəndaş Birliyi Partiyası, Böyük Azərbaycan Partiyası, Ana Vətən Partiyası və digər kiçik siyasi qurumlar parlamentdə 1-3 mandatla təmsil olunurlar.


Deputat sayında mümkün dəyişiklik həmin partiyaların dövlət tərəfindən maliyyələşməsində çətinlik yaradacaq. Bu isə onların siyasi aktivliyini və təşkilati fəaliyyətlərini zəiflədə bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR