"Mehdiyev və onun geniş şəbəkəsi ifşa olunacaq"

"Ramiz Mehdiyev bütün varlığı və ruhu ilə Azərbaycan milli dövlətçiliyinin əleyhinə olan, Azərbaycanın Rusiyanın forpostuna çevirməyə çalışan, Rusiya xüsusi xidmət orqanlarının və siyasi elitasının Azərbaycanda baş rezidenti idi".
Bu sözləri Sfera.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, 2001-ci ildə ona məlumat çatıb ki, ulu öndər Heydər Əliyev Bakıda olmayanda Moskva Ramiz Mehdiyevi Azərbaycanda Heydər Əliyevdən sonra hakimiyyətdə görməyə çalışırdı.

Heydər Əliyevin sağlığı dövründə Rusiyanın KİV-ləri R.Mehdiyevi H.Əliyevdən sonra “ikinci siyasi xadim” kimi təqdim edirdi:
“Bu informasiya mənə bəlli olandan sonra 1 həftəyə yaxın dəqiq analizini apardım. Doğrudan da, bəlli oldu ki, R.Mehdiyev uzun illər Prezdient Administrasiyasında çalışan Qafar Əliyev və vaxtı ilə H.Əliyevin tərcüməçisi olan Rauf Hüseynov kimi özünə yaxın olan adamların vasitəsilə radikal müxalifətlə əlaqəyə girib. Bu mənə dəqiq bəlli olandan sonra 2001-ci ilin noyabrında “Neytral” qəzetində açıq şəkildə geniş bir müsahibə ilə çıxış etdim. R.Mehdiyevin bu addımını xəyanət adlandırdım və əsaslandırdım. Bununla bağlı bir aydan çox Azərbaycanın KİV-lərində müzakirələr getdi. Hətta məndə olan məlumata görə, mənim R.Mehdiyev haqqında olan kəskin fikirlərimi o zaman H.Əliyevə də şikayət edib və ulu öndər tərəfindən lazımi cavabı alıb”.
Sabiq deputat qeyd edib ki, bu hadisədən sonra R.Mehdiyevlə münasibətləri gərginləşib:
“Mən Milli Məclisə seçiləndə çox ciddi şəkildə mane olmağa çalışdı. O, çox qorxulu və təhlükəli adam idi. İstəmədiklərini, onun xəttinə qarşı çıxanları, ulu öndərin siyasətinə sadiq olanları müxtəlif variantlarla bir-bir sıradan çıxarmağa anil olurdu. Onun kifayət qədər səlahiyyəti var idi. Demək olar ki, ölkənin bütün qurumları H.Əliyevdən sonra onu eşidirdi”.
F.Ağamalı R.Mehdiyevi AMEA-nın prezidentliyindən uzaqlaşdırılmasına necə nail olduğundan da danışıb:
“Mən gənclik illərimdə də ciddi yazı ilə çıxış etmişdim. AMEA-nın dövlətimizə qarşı R.Mehdiyevin rəhbərliyi ilə qərargah yaradıldığını, onun vəzifəyə qoyulan və çıxarılan, həmçinin vəzifədə olanlarla tez-tez görüşdüyünü irəli çəkdim. Bu, geniş müzakirəyə səbəb oldu. Beləliklə, açılan müzakirə R.Mehdiyevi AMEA-nın prezidentlik vəzifəsindən uzaqlaşdıra bildi”.
O, ad çəkməsə də, R.Mehdiyevin geniş şəbəkəsi olduğunu da istisna etməyib:
“Artıq R.Mehdiyev haqqında cinayət işi qaldırılıb. Bu cinayət işi həqiqəti özündə ehtiva edir. Mən bu cinayət işini qaldıranlara bir vətəndaş kimi təşəkkür edirəm. Əminəm ki, istintaq obyektiv gedəcək. R.Mehdiyev və onun geniş şəbəkəsi Azərbaycan dövlətçiliyinə qarşı uzun illər boyu Rusiyanın maraqlarına xidmət edən fəaliyyəti ifşa oluacaq. Bu da Azərbaycan dövlətçiliyinə DTX və digər hüquq mühafizə orqanlarının töhfəsi olacaq”.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. Barəsində başlanmış cinayət işi üzrə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Firuzə Əliyeva
Sfera.az






