Ona bu da azdır, amma ardı var...

Ona bu da azdır, amma ardı var...
Kateqoriya məlum deyil
T

"Ona hələ bu da azdır" – xalq arasında belə deyim var. Əsasən cəmiyyətə mənfi örnək olanların, pisliyi özünə vəzifə bilənlərin başına neqativ bir hal gələndə deyirlər. İndi Ramiz Mehdiyevin başına gələnlər də demək olar cəmiyyətin bütün təbəqələrində bu reaksiyanı yaradır. 


İllərlə dövlət ideologiyasının formalaşmasında aparıcı fiqur olan, “millətçi” kimi görünən siyasi elitanın nümayəndəsi Ramiz Mehdiyevin ev dustaqlığı ilə bağlı məlumat yayılıb. Bəzən  kiminsə başına bu kimi iş gələndə "gözləməzdim" deyirik, təəccüblənirik. Nə hikmətdirsə Ramiz Mehdiyev barədə çıxarılan bu qərar heç kimi təəccübləndirmədi...


Deyəsən, gözləyirdik...

 

Ona görə gözləyirdik ki, bu qərar sadəcə sıravi bir məhkəmə hökmü deyildi, illərlə yığılan "ictimai partlayış" idi. Tarixdə maraqlı bir deyim var: ideologiyanı quranlar, bir gün onun qurbanına çevrilir. Hələ SSRİ dönəmində gizli sistem quranlar zaman-zaman onun hədəfinə çevrilirdi. Zamanla forma dəyişsə də niyyət dəyişmədi. Tarix bir daha göstərir: dövlətçiliyə qarşı olan heç bir rejim əbədi deyil və onu yaradanlar da bir gün onun ədalətinə tuş gələ bilir. Mehdiyevin işi göstərir ki, yüksək vəzifə və uzun illər boyunca qurulmuş nüfuz təhlükəsizlik zəmanəti deyil. Sabiq və ya indiki istənilən məmur, siyasi fiqur sistemin öz qaydaları və qanunları qarşısında məsuliyyət daşıyır. Yəni ədalətdən, qanundan qaçış yoxdur.

 

Sistem və vicdan arasında

 

Bu gün Ramiz Mehdiyevin işi ətrafında baş verənlər tək bir şəxsin məsuliyyətə cəlb olunması kimi dəyərləndirilmir. Burada məsələ daha dərindir, yəni söhbət  Mehdiyev sistemilə vicdanın toqquşmasından gedir.

 

İllərlə qurulan, qorunan, hətta “toxunulmaz” sayılan nizam indi öz yaradıcısına qarşı dönüb. Bu, bir mənada tarixin ədalətidir. Çünki bəzi ölkələrdə sistemlər çox vaxt ədaləti yalnız başqalarına tətbiq etdikləri an güclü görünürlər. Amma həqiqi ədalət o zaman baş verir ki, o, özünü də sorğu-sual edə bilir. Cəmiyyət bu prosesi həm maraq, həm də təəssüf hissi ilə izləyir. Çünki Ramiz Mehdiyev bir dövrün simvolu idi. Söhbət o dövrdən gedir ki, sözün, qərarın və düşüncənin istiqamətini o müəyyənləşdirirdi. İndi isə həmin istiqamət dəyişir, çünki zaman dəyişib, cəmiyyət dəyişib. Bu hadisə bir daha göstərdi ki, dövlətçilik ideyası şəxslərdən güclüdür.

 

Bu, dərs olsun...

 

Bugünkü proses bir dərsdir. Bu hadisə bir daha göstərdi ki, dövlətçilik ideyası şəxslərdən güclüdür. Dövlətin dayaqları fərdlərin gücünə deyil, onun ədalətinə və xalqın inamına söykənir. Və bu gün verilən qərar bir daha sübut etdi ki, dövlətə xəyanət edənlərin sonu həmişə eynidir. Tarix onlara heç vaxt fərqli cığır tanımayıb. Kim dövlətin güvənini satır, kim onun ideyasını şəxsi ambisiyasına qurban verir, o, gec-tez həmin xəyanətin içində itir. Bu, nə siyasi, nə hüquqi, nə də şəxsi məsələdir — bu, dövlət yaddaşının ədalətidir.

 

Dövlətə qarşı çıxmaq, onun sütunlarını içəridən sarsıtmaq cəhdləri bir anlıq qələbə gətirə bilər, amma uzunmüddətli məğlubiyyətlə nəticələnir. Çünki dövlət sonda adekvat tədbiri görür. Ramiz Mehdiyevin işi də bunu göstərdi: heç bir vəzifə, heç bir nüfuz ədalətin qarşısında dayana bilmir. Dövlət öz gücünü nümayiş etdirdi, cəmiyyət isə ibrət aldı.

 

Ardı gələcək?

 

Ev dustaqlığı qərarı göstərir ki, məhkəmə Mehdiyevin yüksək vəzifədə olması və potensial təhdid yaratması səbəbilə onu sərbəst buraxmaqda ehtiyatlıdır. O, “dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər”, “dövlətə xəyanət” və “cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” kimi ağır maddələrlə ittiham olunur.

 

Bəzən cəmiyyətdə ev dustaqlığı ağır ittiham üçün yüngül cəza kimi görünür. Amma hüquqi baxımdan bu, araşdırmanın gedişi və təhlükəsizlik tədbirlərinin  kompromisidir.  Prosesin gedişi hələ də qeyri-müəyyəndir. Məhkəmə mərhələləri, araşdırmalar və mümkün nəticələr barədə hər hansı proqnoz vermək çətindir. Lakin bir şey aydındır ki, proses tək qərarla yekunlaşmayacaq - ardı var...

 

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR