Tramp Ərdoğanı vasitəçi göstərdi - Müharibəni Türkiyə bitirəcək?

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər.
Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsinin həllində hansı rolu ola bilər?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiya və Ukrayna arasında baş verən müharibənin artıq dördüncü ilinə yaxınlaşdığını və bu müddət ərzində heç bir tərəfin həlledici üstünlük əldə edə bilmədiyinin aydın olduğunu bildirib.

H.Babaoğlunun fikrincə, həm insan resursları, həm də hərbi-texniki imkanlar baxımından hər iki ölkənin potensialı tükənmək üzrədir:
“Buna görə də bu bəşəri faciənin qarşısını almaq üçün sülhün təmin olunmasına böyük ehtiyac var. Müharibə başlayandan bəri qardaş Türkiyə bir çox sülh təşəbbüsləri ilə çıxış edib. Bəzən bu səylər qismən nəticə verib məsələn, Qara dəniz vasitəsilə yüklərin daşınması barədə razılaşma əldə olunub, bəzən isə İstanbulda keçirilən görüşlərdə sülhə yaxınlaşma müşahidə edilib”.
Millət vəkili Türkiyənin həm Qara dəniz vasitəsilə qonşu olduğu hər iki ölkə ilə danışıqlar aparmağa, həm də maraqlarını uzlaşdırmaq sahəsində kifayət qədər təcrübəsi olduğunu əlavə edib.
O qeyd edib ki, məhz buna görə də ABŞ prezidenti Donald Tramp Türkiyə prezidentini bu istiqamətdə səylərini gücləndirməyə çağırıb:
“Həm Rusiya, həm də Ukraynanın Türkiyəyə olan etimadı və inamı Ankaranın vasitəçilik rolunu daha da aktual edir. Bu baxımdan, Türkiyə sülh prosesində mühüm rol oynaya bilər və artıq bu istiqamətdə ciddi addımlar atır. Görünür, həm Türkiyənin səylərini artırmaq, həm də digər beynəlxalq təşəbbüsləri birləşdirmək lazımdır ki, Rusiya və Ukrayna arasında sülhə nail olmaq mümkün olsun. Trampın səsləndirdiyi fikirlər də məhz bu məqsədlə bağlıdır”.
Fidan Hacızadə
Sfera.az






