Azərbaycan, Rusiya və İran nümayəndələri bu məsələləri müzakirə edəcəklər - AÇIQLAMA

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələri arasında üçtərəfli görüş keçirilir. Görüşün əsas mövzusunun uzun müddətdir müzakirə olunan Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər olacağı gözlənilir.
Uzun müddətdir ki, bu dəhlizin açılması müzakirə edilir. Dəhlizin yaxın illərdə açılması ehtimalı varmı?
Politoloq Samir Hümbətov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, dəhlizlə bağlı işlərin bir hissəsi artıq həyata keçirilib:

“Şimal-Cənub nəqliyyat dəhlizi üzrə müəyyən işlər həm Azərbaycan, həm Rusiya, həm də İran tərəfindən görülüb. Artıq yükdaşımalara başlanılıb. İran tərəfdə əsas problem dəmir yolu şəbəkəsinin zəif olması idi. Hazırda onun yenidən qurulması istiqamətində addımlar atılması nəzərdə tutulur və bu məsələ həm Rusiya, həm də İran nümayəndə heyətləri tərəfindən gündəmdə saxlanılır”.
O qeyd edib ki, layihənin tam reallaşması üçün müəyyən vaxt tələb olunur:
“Azərbaycan, Rusiya və İran arasında baş tutacaq bugünkü danışıqlarda əsas müzakirə predmeti böyük ehtimalla Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Dəhlizin nə zaman tam açılacağı ilə bağlı yekun məsələlərin müzakirəsi aparılacaq. Bu, uzunmüddətli prosesdir. Lakin əgər görülən işlər yaxın müddətdə yekunlaşsa, dəhlizin açılması ehtimalı da artacaq. Bu layihə həm Rusiya, həm İran, həm də Azərbaycan üçün mühüm iqtisadi faydalar vəd edir”.
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirən ən mühüm logistika marşrutlarından biri kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az






