Tramp ABŞ-ın nüvə arsenalını genişləndirmək niyyətindədir
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bunu "Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.
"ABŞ-ın nüvə sahəsində heç kimdən geri qalmaq fikri yoxdur, biz də başqaları kimi potensialımızı genişləndirəcəyik”, - bunu Trampın nüvə arsenalının genişləndirilməsi bəyanatına şərh verən Ağ Evin mətbuat katibi Şon Spayser deyib.
"Tramp açıq şəkildə bəyan etdi ki, ABŞ bu sahədə üstünlüyü heç kimə verməyəcək. Əgər digər ölkələr nüvə potensialına malikdirlərsə, bu sahədə üstünlük ABŞ-da olacaq. Vaşinqton əslində buna heç də can atmır”, - o deyib.
O qeyd edib ki, "Reuters”ə müsahibə zamanı Trampa verilən sual başqa ölkələrin nüvə arsenalının genişləndirilməsi ilə bağlı olub: "Bizim məqsədimiz – Amerikanın bu sahə üzrə bütün dünyada üstünlük saxlamasına əmin olmaqdır. Əgər digər ölkələr nüvə potensialını artırırsa, biz buna sakitcə kənardan baxmaq niyyətində deyilik və buna yol verməyəcəyik”, - Spayser sözünü yekunlaşdırıb.