Qəzzada atəşkəs Azərbaycan üçün vacibdir – TƏHLİL

Qəzzada atəşkəs Azərbaycan üçün vacibdir – TƏHLİL
Kateqoriya məlum deyil
T

Azərbaycanın Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıb. Nazirliyin bəyanatında qeyd olunur ki, bu razılaşma girovların və məhbusların azad edilməsi, humanitar yardımın maneəsiz çatdırılması və regionun yenidən qurulması üçün mühüm addımdır:

 

“Qəzzada atəşkəsin təsis edilməsini, girovların və məhbusların azad edilməsi üçün yolun açılmasını, həmçinin Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və onun yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə edilməsini alqışlayırıq.

Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”.


Qeyd edək ki, oktyabrın 9-da HƏMAS qruplaşması Qəzzada atəşkəsin əldə olunması ilə bağlı razılaşmanı təsdiqləyib.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu atəşkəs təkcə region üçün deyil, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyır:

 

“Təxminən iki ildir ki, Yaxın Şərqdə müharibə davam edirdi. Bu müddət ərzində rəsmi Bakı İsraillə münasibətlərinin korlanmamasına çalışaraq, eyni zamanda Fələstin məsələsində iki dövlətli həll prinsipini dəstəklədiyini vurğulayırdı. Azərbaycanın balanslı siyasət yürütməsi regionda sabitliyin qorunması baxımından vacib idi”.

 

 

Kənan Novruzovun sözlərinə görə, Yaxın Şərqdəki müharibə Azərbaycanın maraqlarına uyğun deyildi və bu, bir neçə səbəblə bağlı idi:

“Birincisi, Azərbaycan Fələstini tanıyan bir dövlət kimi hər iki tərəflə balansı qorumağa çalışırdı. Müharibə uzansaydı, bu balans daha çətinləşəcəkdi.
İkincisi, hərçənd Türkiyə Azərbaycanın mövqelərini anlayır və hörmətlə yanaşırdı, lakin Yaxın Şərq məsələsində Bakı və Ankara arasında müəyyən fərqlər yaranmaq ehtimalı var idi.

Üçüncüsü, müharibənin genişlənməsi və İsrail–İran qarşıdurmasının yenidən başlaması ssenarisi Azərbaycanın milli maraqlarına zidd idi”.


Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan münaqişə başlayandan bəri diplomatik səyləri dəstəkləyib və bu istiqamətdə fəallıq nümayiş etdirib:


“Fikrimcə, Azərbaycan bundan sonra da Qəzzada atəşkəsin davamlı olması üçün çalışacaq. Bu kontekstdə müxtəlif dünya dövlətləri, o cümlədən Türkiyə, ABŞ və Misirlə təmaslar istisna deyil”.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR