Heç kim İlham Əliyev qədər qətiyyətli olmayıb - Zahid Oruc

"Tarix boyu Kürəkçaydan Moskva müqaviləsinə, Nərimanovdan Bağırova qədər heç bir azərbaycanlı lideri Kreml və güclü paytaxtlar qarşısında İlham Əliyev kimi qətiyyətli duruş göstərə bilməyib".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, Azərbayacan prezidenti heç bir geosiyasi təsirə düşmədən, yalnız Azərbaycan xalqının maraqları naminə hərəkət edib.
"Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər, indi Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embarqo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, ittihamları az da olsa, neytrallaşdırardı. Əvəzində Azərbaycanı təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qoydular".
Z.Oruc qeyd edib ki, Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır:
"Onlar Qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxtektura quruculuğunu həzm edə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir".
Nəzərə çatdırıb ki, Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir:
"Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil.
Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyev yenidən sübut etdi ki, Azərbaycan nəinki öz hava məkanını, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təmin edən güclü dövlətdir".
Firuzə Əliyeva
Sfera.az






