İsrail razılaşmanı pozacaq? - Qəzza hədəfdə...

İsrail ordusu Xan Yunis və Qəzza şəhərlərinə hava hücumları həyata keçirib. Ordunun açıqlamasına görə, hərbçilərdən biri snayper atəşi nəticəsində həlak olub. Halbuki, bundan əvvəl yayılan məlumatlarda İsrailin Qəzza sektoruna hava zərbələri endirməyi dayandırdığı bildirilmişdi.
Belə şəraitdə silahlı toqquşmaların yenidən gərginliyi artırıb-artırmayacağı müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, uzun müzakirələrdən sonra HƏMAS ilə İsrail arasında razılaşma əldə olunub.
Onun sözlərinə görə, təminatçı dövlətlərin mövcudluğu səbəbindən kiçik hücumlar ümumi vəziyyəti kökündən dəyişə bilməz:
“İsrailin əməliyyatları, əlbəttə ki, əsassızdır. Özünü daim zəif hesab etdiyi HƏMAS-ın əlindəki girovları azad edə bilməməsi və nəticədə danışıqlara məcbur qalması İsrail üçün asan həzm olunmur. Bu səbəbdən də Fələstin xalqının qələbə sevincini qana bulamaq məqsədilə müxtəlif bəhanələrlə hücumlar həyata keçirilir. Lakin bu taktikanın davamlı olması mümkün deyil”.
Şərhçinin fikrincə, HƏMAS da artıq küncə sıxışdırılmışdı və İsrailin Qəzza şəhərinə daxil olması atəşkəsi onlar üçün də əlverişli edib:
“İsrailin gizli planı girovların azad edilməsindən sonra Qəzzaya tam nəzarəti ələ keçirmək və əhalini tədricən köçürməkdir. HƏMAS isə sıxışdırılaraq Suriyaya və ya Misirə çəkilməyə məcbur edilə bilər ki, bu da həmin ölkələrə sonradan müdaxilə üçün bəhanə ola bilər. Eyni zamanda, təşkilatın əsas liderlərinə qarşı terror aktları istisna edilmir. ABŞ-nin İsrailin müttəfiqi olması səbəbindən Vaşinqtondan tam təminat gözləmək sadəlövhlükdür. Lakin Türkiyə, Misir və Qətərin rolu HƏMAS üçün götürülən öhdəliklərin icrasında mühüm ola bilər”.
T.İrfan İsrailin əsas məqsədinin əhalini tamamilə məhv etmək, HƏMAS-ı sıradan çıxarmaq və Qəzzanı işğal etmək olduğunu əlavə edib:
“Lakin Avropa ölkələrinin Fələstini tanımağa başlaması bu planlardan geri çəkilməyə səbəb olub. Təxminən 60 mindən çox müsəlmanın qətlə yetirilməsi bir çox dövlətlər tərəfindən genosid kimi qiymətləndirilir. Bir əsrə yaxın davam edən qırğınların nəticələri gələcəkdə İsrail üçün ciddi problemlər yarada bilər, çünki bir xalqı tamamilə məhv etmək mümkün deyil. Lakin İsrailin xarakterinə uyğun olaraq, o, müxtəlif bəhanələrlə atəşkəsi poza və yeni əməliyyatlara başlaya bilər. Razılaşma hazırda İsrail üçün əlverişlidir, amma istənilən vaxt yeni terror aktları və ya münaqişənin bərpası mümkündür. Problemin köklü həlli isə yalnız Fələstin dövlətinin yaradılmasından keçir. Avropa ölkələri bu mövqeyi dəstəkləyir, lakin ABŞ-nin maneələri bölgədə sülhə imkan vermir”.
Fidan Hacızadə
Sfera.az






