Ümid və təhlükə arasında: Dünya yeni gərginliklərə hazırlanır

Son aylarda beynəlxalq arenada müşahidə olunan siyasi dinamika müəyyən yumşalmaların baş verdiyini göstərir. Qəzza məsələsində danışıqların intensivləşməsi, Rusiya və Ukrayna arasında nisbi razılaşma meyillərinin yaranması dünya ictimaiyyətinə müəyyən ümidlər verib. Lakin buna baxmayaraq, bir çox ölkənin rəhbərləri, hərbi və diplomatik nümayəndələri “Üçüncü Dünya müharibəsi” ehtimalından danışmaqda davam edir, qlobal miqyasda yeni qarşıdurma risklərinə dair bəyanatlar səsləndirirlər.
Bəs, bu gərgin ritorika reallığı nə dərəcədə əks etdirir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, beynəlxalq münasibətlər sistemində konfliktlərin ədalətli həlli yox, onların nizamlanması və bu tənzimləmə üzərindən qurulacaq yeni geosiyasi idarəçilik prinsipləri formalaşdırılır.

Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsinə yanaşmalar beynəlxalq güclərin diqqətində prosesin ədalətli sülhə söykənən məramı kimi çıxış etmir:
“Sadəcə kolfliktlərin tənzimlənməsinə ehtiyac var ki, növbəti mərhələlərdə böyük güclər rəqiblərinə qarşı daha çox geosiyasi rıçaqla çıxış etsinlər. Ancaq məhdud sülh modeli üçün olsa da, yenə də müəyyən səylər göstərilir, aktivlik mövcuddur. Bu da müəyyən ümidlər yaradır. Lakin bu ümidlərlə çıxış edib hələ arxayınlaşmaq olmaz. Hər bir dövlət özünün strategiyasını və mənafeyini milli maraqları çərçivəsində, təhlükəsizlik siyasəti prinispləri əsasında qurmağa davam edir. Bu səbəbdən digər regionlarda olan münaqişələr başqa regionlara təsir etdiyi üçün onun geosiyasi alətlər kimi çıxış edəcəyi ilə bağlı nişanələr qalmaqdadır”.
Politoloq qeyd edib ki, bundan sonra istər Qəzzadakı müharibənin sonlandırılması planı, istərsə də Rusiya-Ukrayna müharibəsində Ukraynanın xeyrinə ola biləcək hər hansısa bir addım daha çox formal xarakter daşıyır:
“Bunlar rəsmi mövqeni ifadə edir. Arxa planda isə daha geniş niyyətlər var və beynəlxalq dizaynda böyük güclərin yeni resurslar əldə etməsi üçün geniş rəqabət sahəsinə girəcəyi istisna olunmur”.
Firuzə Əliyeva
Sfera.az






