Qəzzada sülh tam bərqərar olacaq? - ŞƏRH

İsrail və HƏMAS bu gün dərhal atəşkəs rejiminin qurulması haqqında razılaşma imzalayacaqlar. Sazişin imzalanması ilə bölgədə hərbi əməliyyatların dayandırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması gözlənilir. Bu razılaşma bölgədə nəyi dəyişəcək? Sülh prosesini sürətləndirəcək, yoxsa sadəcə hərbi toqquşmalar dayanacaq?
Suallarımızı cavablandıran politoloq Züriyə Qarayeva Sfera.az-a bildirib ki, İsrail və HƏMAS arasında bu gün imzalanması gözlənilən atəşkəs razılaşması, Yaxın Şərqdə aylardır davam edən silahlı qarşıdurmanın müvəqqəti dayandırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, razılaşmanın sülh prosesinə real təsir göstərə bilib-bilməyəcəyi bir çox amillərdən asılıdır:
“Əvvəla, atəşkəsin əldə olunması humanitar fəlakətin qarşısını almağa, Qəzza zolağında yaralı və mülki əhalinin təxliyəsinə imkan yaradacaq. Eyni zamanda beynəlxalq ictimaiyyət, xüsusilə BMT və Qərb ölkələri bu razılaşmanı regionda sabitliyin bərpası üçün diplomatik fürsət kimi dəyərləndirirlər.
Lakin tərəflər arasında dərin etimadsızlıq və qarşılıqlı ittihamlar davam etdiyi üçün bu razılaşmanın uzunmüddətli sülhə çevrilməsi real görünmür. İsrail hökuməti üçün əsas prioritet HƏMAS-ın hərbi gücünü tam zərərsizləşdirməkdir, HƏMAS isə Qəzzada siyasi mövqelərini qorumağa çalışır. Bu səbəbdən atəşkəs daha çox taktiki xarakter daşıyır. Tərəflərin nəfəs almaq, qüvvələrini bərpa etmək və beynəlxalq təzyiqləri yumşaltmaq məqsədinə xidmət edir”.
Politoloqun fikrincə hərbi əməliyyatların dayandırılması bölgədə diplomatik aktivliyin artmasına, vasitəçilərin, Misir, Qətər, Türkiyə və ABŞ-nin daha fəal rol oynamasına şərait yarada bilər:
“Əgər bu proses davamlı dialoqa çevrilərsə, uzun illərdir dondurulmuş İsrail-Fələstin münaqişəsinin siyasi həlli istiqamətində kiçik də olsa, irəliləyiş mümkündür. Əks halda, atəşkəs sadəcə növbəti qarşıdurmadan əvvəl yaranan müvəqqəti sakitlik dövrü kimi qalacaq”.
Niyaz Hacıyev
Sfera.az






