"Zəngəzur marşrutunun aktivləşdirilməsi masada olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın tarixi Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında iştirak edəcək. Zirvə, regionda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün önəmli bir platforma kimi qiymətləndirilir. Toplantıda üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, ortaq layihələrin təşviqi və qarşılıqlı maraqlara xidmət edən qərarların qəbul edilməsi gözlənilir.
Mövzunu şərh edən poliotoloq Tural İsmayılov Sfera.az-a bildirib ki, Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsi türk dünyasının inteqrasiyasında yeni mərhələnin rəsmi elanına çevriləcək.

Onun sözlərinə görə, bu dəfə görüşün Qəbələdə keçirilməsi təsadüfi deyil. Türk dövlətlərini Azərbaycanın mədəni və tarixi ruhunu simvolizə edən bir şəhərdə toplamaq türk birliyinin dərin köklərini vurğulayır:
“Əsas müzakirə mövzuları iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur marşrutunun aktivləşdirilməsi və enerji təhlükəsizliyi məsələləri olacaq. Türk dünyasının ortaq bazar modeli ilə bağlı ilkin konturların bu zirvədə müzakirə olunacağı da gözlənilir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və ortaq hərbi təlimlərin koordinasiyası əsas strateji istiqamətlərdən biri olacaq. Qlobal geosiyasi dəyişikliklər fonunda TDT-nin vahid mövqeyini formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir”.
Politoloq vurğulayıb ki, Ərdoğanın iştirakı Türkiyənin bu təşkilatın “lokomotivi” rolunu bir daha təsdiqləyəcək. Azərbaycan isə həm coğrafi, həm siyasi baxımdan türk dünyasının enerji mərkəzi statusunu möhkəmləndirir:
“Ətraf mühit və yaşıl enerji mövzularının da gündəmdə olması gözlənilir. Bu, Qəbələnin ekoloji imici ilə də səsləşir. Zirvədə humanitar əməkdaşlıq, təhsil və media mübadiləsi kimi yumşaq güc alətləri də müzakirə ediləcək. Təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində BMT və İƏT kimi qurumlarla əlaqələrin dərinləşməsi gündəlikdədir. Qlobal miqyasda türk dövlətlərinin bir-birini diplomatik dəstəkləməsi mexanizmləri daim davam edir”.
Müsahibimiz Türk İnvestisiya Fondu və Türk Ticarət Palatası xətti ilə yeni layihələrin elan ediləcəyi ehtimalının böyük olduğunu əlavə edib:
“Ermənistanla sülh prosesi və Cənubi Qafqazda təhlükəsizlik məsələləri də dolayı müzakirə mövzusu olacaq. Qəbələdə qəbul ediləcək qərarlar türk dövlətlərinin yalnız mədəni deyil, siyasi-iqtisadi güc kimi formalaşmasının göstəricisidir. Bu zirvə, bütövlükdə, türk dünyasının XXI əsrdəki yerini və yönünü müəyyənləşdirəcək platformadır. Və bu dəfə də mesaj açıqdır: türk dövlətləri artıq ideya səviyyəsindən real siyasi ittifaq mərhələsinə keçib”.
Niyaz Hacıyev
Sfera.az






